Xəbərlər

Abşeron Rayon Ağsaqqallar Şurası Milli Dirçəliş Günü münasibətilə görüş keçirib

Abşeron Rayon Ağsaqqallar Şurası 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Saray qəsəbə 1 nömrəli tam orta məktəbdə görüş keçirib.

Görüşdə Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, Vətən müharibəsi şəhidi Rauf İbadovun atası Məhərrəm İbadov, Saray qəsəbə Ağsaqqallar Şurasının sədri Rövşən Novruzov və üzvü, şəhid Rahid Sadıxovun atası Vahid Sadıxov, məktəbin direktoru Asəf Bayramov, eləcə də digər ağsaqqallar, müəllimlər, valideynlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm İbadov öz çıxışında xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən olan 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə hər kəsi təbrik edib və bu əlamətdar tarixin ölkəmizin müstəqilliyinin bərpa edilməsindəki rolundan, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasətindən, onun milli dirçəlişi və mənəvi dəyərləri yüksək tutmasından, Ümummilli Liderin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən ətraflı bəhs edib. Vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən siyasəti sayəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü və dövlət suverenliyimizi tam bərpa edib. Bu gün 17 Noyabr – Milli Dirçəliş Günü ölkəmizin hər yerində qürurla qeyd olunur. Məhərrəm İbadov, həmçinin, gənc nəslin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin qarşısının alınması barədə də geniş çıxış edib. Gənclərə zərərli vərdişlərdən uzaqlaşmaq üçün dəyərli məsləhətlər verib. Bildirib ki, gənc nəslin zərərli vərdişlərdən qorunması üçün Azərbaycan Ağsaqqallar Şurası, eləcə Şuranın Abşeron rayon təşkilatı bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsini davam etdirəcəkdir.

Çıxış edən digər natiqlər də tədbir iştirakçılarını 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə təbrik ediblər və gənclərimizə sağlam həyat tərzi, vətənpərvərlik ruhunda tövsiyələr, məsləhətlər veriblər. Alkoqolizm, narkomaniya, siqaret aludəçiliyi və digər pis vərdişlərə qarşı təbliğat mövzusunda geniş çıxışlarla şagirdləri məlumatlandırıblar.

Görüşdə məktəb şagirdləri də çıxış edərək Vətən uğrunda canından keçən qəhrəmanlarımızın, Saray şəhidləri Rauf İbadovun, Rahid Sadıxovun və başqalarının şərəfli ömür və döyüş yolu haqqında ətraflı məlumat veriblər. Qeyd ediblər ki, təhsilimizlə, vətənpərvərliyimizlə onların adlarını daim yaşatmaq, xatirəsini əziz tutmaq bizim ən müqəddəs amalımızdır.

Sonda Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm İbadov görüşün yüksək səviyyədə təşkil edilməsinə görə məktəbin direktoru Asəf Bayramova və müəllim kollektivinə minnətdarlığını bildirib. Vurğulayıb ki, bu cür tədbirlər şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə, milli-mənəvi dəyərlərə hörmət və şəhidlərimizin əziz xatirəsinin daim yaşadılması kimi nəcib hisslərin aşılanmasına xidmət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.