Abşeron rayonunda Ağsaqqallar Şurasının “Böyük yolun uğurlu davamı” mövzusunda konfransı keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı, professor Eldar İbrahimov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, şəhid valideynləri, qazilər, ağsaqqallar, gənclər, o cümlədən rayon idarə və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan toplantıda vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların və dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, bugünkü qüdrətli, güclü və qalib Azərbaycan Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Qeyd edilib ki, müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyev ölkəmizin iqtisadi dirçəlişinin əsasını qoymuş, ictimai-siyasi və sosial həyatda tərəqqi yolunu müəyyənləşdirmişdir. RİH başçısı bildirib ki, 2003-cü il oktyabr 15-də keçirilən prezident seçkilərində xalqımız öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına, Azərbaycanın inkişafına – cənab İlham Əliyevə verib. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut edib. 20 il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin ötən müddət ərzində dövlətimizi dünya üzrə ən qüdrətli, nüfuzlu ölkələr sırasına qaldıra bilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, qətiyyəti və siyasi iradəsi ilə xalqımız düşmən üzərində şanlı qələbə qazanıb və bununla da torpaqlarımız işğaldan azad olunaraq bölgədə sülhün tam bərqərar olması üçün yeni imkanlar yaranıb.
Şanlı Ordumuz tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisinin erməni terrorçularından təmizləndiyini vurğulayan Abdin Fərzəliyev qeyd edib ki, bu əməliyyatdan sonra vətənimizin ərazi bütövlüyü tamamilə bərqərar oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qədim şəhərimiz olan Xankəndidə üç rəngli bayrağımızın qaldırılması bu ərazilərin kimə aid olmasını bir daha bütün dünyaya göstərdi.
RİH başçısı ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətdən bəhs edərək, ağsaqqalların ictimai həyatda tutduqları mühüm mövqedən, o cümlədən ağsaqqalların Abşeron rayonunun həyatında oynadıqları əhəmiyyətli roldan söz açıb.
Azərbaycan Ağsaqqalar Şurasının sədr müavini, Milli Məclisin deputatı, professor Eldar İbrahimov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin səmimi salamlarını tədbir iştirakçılarına çatdırdıqdan sonra ölkəmizin son 20 il ərzində əldə etdiyi çox mühüm nəticələrdən danışıb. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan böyük Zəfərdən, uğurlu antiterror əməliyyatlarından, o cümlədən ölkəmizdə gedən sosial-iqtisadi tərəqqidən və digər məsələlərdən bəhs edib. O, işğaldan azad olunmuş və üçrəngli bayrağımızın dalğalandığı bütün torpaqlarımızda geniş vüsət almış bərpa və yenidənqurma işlərinin sürətlə aparıldığını, soydaşlarımızın öz yurdlarına döndüyünü və Qarabağda həyatın yenidən canlandığını vurğulayıb. Millət vəkili qeyd edib ki, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görülüb. Nəhəng infrastruktur layihələri həyata keçirilib. Eldar İbrahimov Azətrbaycan Ağsaqqallar Şurasının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verərək bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında hər zaman yaxından iştirak edən ağsaqqallar cəmiyyətimizin, xüsusilə də gənclərimizin vətənpərvərlik, milli adət-ənənələrə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi önəm verir, bu sahədə bilik və bacarıqlarını əsirgəmirlər. O, Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallara yüksək dəyər verdiyini bildirib.
Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və düşünülmüş siyasəti sayəsində Azərbaycanın həm döyüş meydanında, həm də diplomatiya sahəsində qazandığı qələbələrdən danışıb. Bildirilib ki, cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən etibarən ölkəmizdə ordu quruculuğuna və onun inkişaf etdirtilməsinə xüsusi diqqət və qayğı göstərib. Qısa müddət ərzində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb və son nəticədə də şanlı Ordumuz düşməni döyüş meydadında diz çökdürdü.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndi, Xocalı və Xocavənddə bayrağımızı dalğalandırmasını qürur və iftixar hissi ilə izlədiyini vurğulayan Xatirə İsmayılova bununla da bütün şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının ruhlarının şad olduğunu bildirib.
Ceyranbatan qəsəbə Ağsaqqallar Şurasının sədri, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru Sabir Tağıyev çıxış edərək qeyd edib ki, Prezident İlham Əliyevin dövlət siyasətinin ən mühüm cizgilərindən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətlənib, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olunub.
Sonra toplantıda təşkilati məsələlərə baxılıb. Abşeron Rayon Ağsaqqallar Şurasının fəaliyyəti və gördüyü işlər barəsində müzakirələr aparılıb.
Səsvermə nəticəsində Şuranın 15 nəfərdən ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb. Qeyd edək ki, rayon ağsaqqalları tərəfindən İdarə Heyətinə Vətən Müharibəsi Qəhrəmanı, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülən şəhid kapitan Veysəl Musibovun anası Səməngül Musibova və “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən şəhid baş-leytenant Babək Allahverdiyevin anası Əsmər Allahverdiyeva da üzv seçiliblər.
Daha sonra isə İdarə Heyətinin təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Nizami Zalov yekdilliklə Abşeron Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Qeyd edək ki, zəngin əmək fəaliyyətinə malik Nizami Zalov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən uğrunda” medallarına layiq görülmüş, 11 aprel 2023-cü il tarixdə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş gizir Vidadi Zalovun atasıdır.
Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədri Nizami Zalov çıxış edərək bildirib ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində zəfərlə sona çatıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Prezident kimi 20 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurub, xalqımızı dünyada qalib xalq kimi tanıdıb. Qeyd olunub ki, bu böyük qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident cənab İlham Əliyevin siyasətinin şah əsəridir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa edib. Düşmən torpaqlarımızdan qovulub, ədalət və beynəlxalq hüquq bərpa olunub. Bildirib ki, 15 oktyabr tarixində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndi, Xocalı, Ağdərə və digər qəsəbələrdə qaldırdığı bayraq onun qürur mənbəyidir və Ulu Öndər Heydər Əliyevin, bütün şəhidlərimizin ruhu şaddır. O, rayon ağsaqqalları və şəhid ailələri adından bu qürur hissini onlara yaşatdığı üçün cənab Prezidentə dərin təşəkkürünü bildirib.
Sonda Nizami Zalov ona və İdarə Heyətinin üzvlərinə göstərilən etimada görə minnətdarlığını ifadə edərək, Şuranın uğurlu fəaliyyəti üçün daha böyük əzmkarlıqla fəaliyyət göstərəcəklərini bildirib.







