Abşeron rayonu Qobu qəsəbə Ağsaqqallar Şurasının sədri, vətənpərvər ziyalı, müdrik ağsaqqal Ədalət Ağayevin “Ədalətli ömrün 75 ili” adlı yubiley tədbiri keçirilib.
Tədbirdə yubilyarla yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Məhərrəm İbadov, Rayon İcra hakimiyyətinin nümayəndəsi Azər Məmmədov, Qobu qəsəbə Ağsaqqallar Şurasının sədr müavini, ehtiyatda olan polkovnik-leytenant Ramiz Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra Qobu qəsəbə Ağsaqqallar Şurasının sədri, pedaqoq Ədalət Ağayevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Azərbaycan Respublikasının Xalq artisi Şükufə Musayevanın aparıcılığı ilə keçirilən tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli hər bir kəsi Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq vurğulayıb ki, bu gün 75 illik yubileyini qeyd etdiyimiz hörmətli ağsaqqal, dəyərli ziyalı Ədalət Ağayevin həyat yolu əsl vətəndaşlıq nümunəsidir. O, uzun illər ərzində həm pedaqoji fəaliyyəti, həm də ictimai xidmətləri ilə insanların rəğbətini qazanmış, çalışdığı hər bir sahədə dürüstlüyü, məsuliyyəti və yüksək mənəvi keyfiyyətləri ilə seçilmişdir. Ədalət Ağayev təkcə bir ziyalı deyil, həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan əsl ağsaqqaldır. O, daim dövlətçiliyimizə sədaqəti, vətənpərvər mövqeyi və insanlara qayğıkeş münasibəti ilə ətrafındakılara örnək olmuşdur. Xüsusilə gənc nəslin milli ruhda tərbiyəsində, böyüyə hörmət, kiçiyə qayğı kimi ali dəyərlərin aşılanmasında onun xidmətləri danılmazdır. Sonra Ramin Həsənli Abşeron rayonu Qobu qəsəbə Ağsaqqallar Şurasının sədri, müdrik ağsaqqal, vətənpərvər ziyalı Ədalət Ağayevin rayonun ictimai-mədəni həyatında və Şuranın işində səmərəli fəaliyyəti ilə xalqımıza, Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 75 illik yubileyi münasibətilə Şuranın Fəxri Fərmanı ilə təltif edildiyini vurğulayıb və Fəxri Fərmanı yubilyara təqdim edərək ona səmimi arzularını çatdırıb.
Tədbirdə çıxış edən digər natiqlər də Ədalət Ağayevin pedaqoji və ictimai fəaliyyətindən bəhs ediblər, ürək sözlərini bölüşüblər, yubilyara möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayaraq Fəxri fərmanlar və hədiyyələr təqdim ediblər.
Ədalət Ağayev öz çıxışında təşkilatçılara və iştirakçılara, eləcə də Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə dərin təşəkkürünü bildirib, bu diqqətin onun üçün böyük mənəvi stimul olduğunu vurğulayıb.
Sonra bədii hissə ilə davam edən yubiley tədbiri müdrik bir ağsaqqalın və vətənpərvər ziyalının ömür yoluna və fəaliyyətinə verilən yüksək qiymətin, mədəni dəyərlərə göstərilən ehtiramın parlaq təcəssümü kimi yadda qalıb.




