İyul ayının 23-də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, vətənpərvər ictimai-siyasi xadim, dəyərli ziyalı Ağalar Vəliyevin 67 yaşı tamam olur.
Yüksək işgüzarlıq və idarəçilik qabiliyyətinə malik olan Ağalar Vəliyevin həyat və fəaliyyətinin hər səhifəsi xalqa, dövlətə sədaqət və xidmət nümunələri ilə zəngindir. O, hər zaman yaxşılığın keşiyində dayanan ləyaqətli, yüksək mənəviyyata malik bir ictimai-siyasi xadim, alicənab şəxsiyyət kimi dəyərli fəaliyyəti, xeyriyyəçiliyi və xoş məramlı işləri ilə insanların hörmət və sevgisini qazanmışdır. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini hər zaman dəstəkləyərək, işgüzar bir millət vəkili kimi ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında yaxından iştirak etmiş, xalqımıza və dövlətimizə əhəmiyyətli xidmətlər göstərmişdir. Ağalar Vəliyevin ölkəmizin inşaat-tikinti sektorunun inkişafında da böyük əməyi vardır. Onun rəhbərliyi ilə respublikamızda uğurlu şəkildə yüzlərlə müxtəlif təyinatlı tikililər, binalar, qurğular inşa edilmiş, bir sıra strateji əhəmiyyətli obyektlər və avtomobil yolları istismara verilmişdir. Ağalar Vəliyevin xidmətləri dövlətimiz tərəfindən yüksək dəyərləndirilmiş, o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “Əməkdar mühəndis” fəxri adına, “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülmüş, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” və “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalları ilə təltif olunmuşdur.
Bu gün də yüksək enerji və həvəslə çalışan, dövlətə və dövlətçiliyə öz sədaqəti ilə seçilən Ağalar müəllim Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi nəzarət etdiyi şəhər və rayon təşkilatlarında mütəmadi görüşlər və tədbirlər keçirir, onların fəaliyyətinin səmərəli şəkildə qurulmasında yaxından iştirak edir. Həmçinin onun təşəbbüsü və maliyyə dəstəyi ilə ağsaqqalların işğaldan azad edilmiş torpaqlarımıza səfərləri və Həcc ziyarətləri təşkil olunur, bayram və əlamətdar günlərdə onlara bayram sovqatları təqdim olunur və digər yardımlar göstərilir. Ağalar Vəliyev xalqımızın milli-mənəvi dəyərlərinin, tarixi ənənələrinin cəmiyyət arasında təbliğ edilməsində, gənclərimizə sağlam həyat tərzinin aşılanmasında, onların maarifləndirilməsində və vətənpərvər, mübariz vətəndaşlar kimi yetişməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Doğma Azərbaycanımızın çiçəklənməsi üçün əlindən gələni əsirgəməyən, ləyaqətli və nəcib əməlləri ilə ucalan vətənpərvər ziyalı, dəyərli ictimai-siyasi xadim Ağalar Vəliyevi ölkəmizin daha da inkişafı və firavan gələcəyi naminə tükənməz sevgi ilə sərf etdiyi həyatının 67-ci ldönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, gələcək çoxşaxəli və məsuliyyətli fəaliyyətində davamlı uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar Quliyev