Xəbərlər

Ağcabədi və Beyləqan rayonlarında Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib

Aprel ayının 23-də Ağcabədi və Beyləqan Rayon Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib.

Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Azərbaycan Ağsaqqallar Şurasının məsul işçisi Elşad Quliyev, habelə rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ağcabədi və Beyləqan rayonlarında keçirilən konfranslarda tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Konfranslarda Azərbaycanın Dövlət Himni səsləndirilib və topaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan qəhrəman əsgər və zabitlərimizin, həmçinin hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir iştirakçılarını salamlayan hər iki rayonun rəhbərliyi cəmiyyətimiz və dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilən ağsaqqalların Ağcabədi və Beyləqan rayonlarındakı xidmətlərindən bəhs ediblər. Vurğulayıblar ki, ağsaqqal məsləhətinə, ağsaqqal sözünə, öyüd-nəsihətinə hər birimizin, xüsusilə də gənclərimizin böyük ehtiyacı vardır. Natiqlər ağsaqqalların bundan sonra da ölkəmizin ictimai-mədəni həyatında yaxından iştirak edəcəklərinə əmin olduqlarını bildirərək, hesabat konfranslarının keçirilməsində hər kəsə uğurlar arzulayıblar.
Sonra Ağcabədi Rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov və Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov görülən işlərlə bağlı hesabat məruzələri ilə çıxış ediblər.
Məruzələrdə yerli təşkilatların fəaliyyətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, hesabat dövrü ərzində təşkilatlar aktual mövzularda bir sıra yığıncaqlar, görüşlər keçiriblər, gənclərlə maarifləndirici işlər aparıblar. Həmçinin Ağsaqqallar Şurasının üzvləri rayonlarda keçirilən bütün əhəmiyyətli toplantılarda, o cümlədən Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlərdə iştirak və çıxışlar ediblər. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə öz töhfələrini veriblər. Natiqlər vurğulayıblar ki, hər iki rayonun ağsaqqalları bundan sonra öz fəaliyyətlərini aktiv şəkildə davam etdirmək əzmindədirlər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdırıb. Bildirib ki, ölkəmizin tarixi məqamlarında hər zaman öndə olan ağsaqqallarımız bu il fevral ayında keçirilən növbədənkənar prezident seçkilərində də üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Təbliğat-təşviqat, o cümlədən səsvermə prosesində fəal iştirak edən Respublika Ağsaqqallar Şurasının onminlərlə üzvü və xalqımız bir daha sübut etdi ki, Azərbaycanın alternativsiz Prezidenti qalib xalqın qalib Lideri cənab İlham Əliyevdir. Vahid müəllim, həmçinin, dövlətimizin başçısı cənab İlham Əliyevin prezident seçkilərində xalqın böyük etimadı ilə yüksək səs çoxluğu nəticəsində qalib gəldiyini xatırladıb. Bildirib ki, 2003-cü ildə prezident seçkilərində 76.84% səs toplayan cənab İlham Əliyev, 2018-ci ildə 86.02%, 2024-cü ildə isə 92.12% səs toplamışdır. Bu bir daha onu göstərir ki, xalqımızın Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə olan yüksək etimadı və sevgisi durmadan artır. Natiq hazırda Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən də bəhs edib. Sonra Vahid Novruzov Azərbaycan Ağsaqqallar Şurasının bir çox sahələrdə gördüyü işlər barədə ətraflı məlumat verib və Şuranın son üçillik fəaliyyətinin əks olunduğu kitabı təqdim edib. O, sonda Ağcabədi və Beyləqan Rayon Ağsaqqallar Şuralarının hesabatlarını qənaətbəxş hesab edərək, hər iki rayonun ağsaqqallarına möhkəm cansağlığı və işlərində nailiyyətlər arzulayıb.
Çıxış edən digər natiqlər də rayon ağsaqqallarının fəaliyyətindən bəhs ediblər. Əmin olduqlarını bildiriblər ki, bundan sonra da ağsaqqallar Azərbaycan tərəqqisi naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklər.
Ağcabədi Rayon Ağsaqqallar Şurasının hesabat konfransında bəzi təşkilati məsələlər də müzakirə edilib və Şuranın İdarə Heyətinə yeni üzvlər seçilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.