Ağdaş Rayon Ağsaqqallar Şurasının sədri Qalib Həsənov və Şura üzvləri yerli təşkilatların nümayəndələri ilə birlikdə Ağdaş şəhərində şəhid Rzayev İqbal İlham oğlunun və Qarağan-Şıxlar kəndində şəhid Mehdiyev Süleyman Mənsur oğlunun ailələrində keçirilən ildönümü mərasimlərində iştirak ediblər.
Mərasimlərdə şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilmiş, onların Vətən qarşısında xidmətlərindən, keçdikləri şərəfli döyüş yollarından və qəhrəmanlıqlarından söhbət açılmışdır. Qeyd olunmuşdur ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin göstərdikləri misilsiz fədakarlıq xalqımız tərəfindən heç vaxt unudulmayacaqdır.
Azərbaycan Respublikasının suverenliyinin tam bərpa edilməsi məqsədi ilə Silahlı Qüvvələrimiz tərəfindən Qarabağ bölgəsində keçirilən antiterror tədbirləri zamanı şəhadət zirvəsinə yüksələn Ağdaş sakini Rzayev İqbal İlham oğlu şəhərdə Qaraçılar məhəlləsi kimi tanınan və hazırda şəhidin öz adını daşıyan küçədə doğulub boya-başa çatmışdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azlıq təşkil edən xalqın (qaraçı) Ağdaşda yaşayan nümayəndələrinin ilk şəhididir. Onun anım mərasimində şəhidin atasının əmisi – 104 yaşlı ağsaqqal Əhmədiyə Rzayev mərasim iştirakçılarına ailə üzvləri adından öz minnətdarlığını bildirmişdir.
Daxili İşlər Nazirliyi əməkdaşı olan Mehdiyev Süleyman Mənsur oğlu da Azərbaycan Ordusunun lokal xarakterli antiterror əməliyyatları zamanı döyüş tapşırığını yerinə yetirərkən Kəlbəcər istiqamətində gedən döyüşlərdə 11 yoldaşı ilə birlikdə qəhrəmancasına döyüşərək şəhid olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə hər iki şəhidimiz ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.




