Ağdaş Rayon Ağsaqqallar Şurasının bir qrup üzvünün iştirakı ilə rayonun Tofiqi kəndində doğulub boya-başa çatmış 44 günlük Vətən müharibəsi şəhidi Əliyev Elşad Mehman oğlunun doğum günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri və məktəb kollektivinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların pak və müqəddəs ruhlarına dualar oxunub. Eyni zamanda şəhid Elşad Əliyevin dəfn olunduğu kənd qəbristanlığındakı məzarı tədbir iştirakçılar tərəfindən ziyarət olunub, üzərinə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən Ağdaş Rayon Ağsaqqallar Şurasının sədri Qalib Həsənov qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər tariximizin şanlı səhifəsidir. Ümummilli Liderimiz Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində formalaşmış Milli Ordumuz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə bu möhtəşəm qələbəni qazanmışdır. Təəssüf ki, şəhidlərimiz olmuşdur. Tarixi proses göstərir ki, müharibələrdə qazanılmış qələbələr itkisiz olmur və şəhidlərin şücaəti ilə əldə olunur. Natiq, həmçinin, vurğulayıb ki, Ağdaş rayonu 44 günlük Vətən müharibəsi zamanı 34 şəhid vermişdir. Onların xatirəsi daim yad olunur. Möhtərəm Prezidentimizin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğı və diqqət ağsaqqallarımız tərəfindən yüksək qiymətləndirilir.
Çıxış edən digər ağsaqqallar da uğurlarımızdan söhbət açmış, şəhidlərimizin heç vaxt unudulmayacaqları barədə gənclərə öz tövsiyələrini vermişlər.







