Ağdaş Rayon Ağsaqqallar Şurasının növbəti iclası keçirilib. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar keçiriləcək tədbirlər və Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub. Giriş nitqi ilə çıxış edən Ağdaş Rayon Ağsaqqallar Şurasının sədri Qalib Həsənov Ümummilli Liderin zəngin həyat və fəaliyyətindən, eləcə də IX Qurultayın tarixi əhəmiyyətindən söhbət açıb. Qeyd edib ki, IX Qurultay ağsaqqalların həyatında mühüm rol oynayan bir tədbirdir. Xüsusən möhtərəm Prezidentimizin Qurultaya göndərdiyi təbrik məktubu ağsaqqallara göstərilən qayğının və ehtiramın təzahürü kimi qiymətləndirilməlidir.
İclasda çıxış digər natiqlər qeyd ediblər ki, həmişə böyük nüfuz sahibi olmuş ağsaqqallar ailədə, cəmiyyətdə yüksək təsir gücünə malikdirlər. Onlar xalqın ən yaxşı adət-ənənələrinin saxlayıcısı, daşıyıcısı və nəsildən-nəslə ötürücüsüdürlər. Vətəndaşlarımız ağsaqqal cəsarəti, əqidə dönməzliyi ilə fərqlənməyin yüksək təəssüratlarını Ulu Öndər Heydər Əliyevin şəxsində görmüşlər. O, əsl ağsaqqal kimi qanlı Yanvar faciəsinə verdiyi qiymətlə həyatını riskə qoymuşdur. Bu dəyanət bu gün Azərbaycan ağsaqqalına sirayət olunub. İclasda Ümummilli Liderin doğum günü ilə bağlı xatirələr də danışılıb. Qeyd olunub ki, yaşlı nəsil dahi şəxsiyyətin beş dəfə Ağdaş rayonuna tarixi səfərinin şahididir. Şura üzvlərindən bəziləri isə bu görüşlərin birbaşa təşkilatçısı və iştirakçısı olmuşdur. Ulu Öndərin xatirəsi daim qəlbimizdə yaşayır. Ağdaş ağsaqqalları Ümummilli Liderin siyasətinə daim sadiqdirlər və möhtərəm Prezidentimizin uğurlarından qürur duyur, hər zaman onu dəstəkləyirlər. Şura üzvləri qarşıya qoyulmuş vəzifələrin uğurla icrası üçün fəaliyyətlərini bundan sonra da əzmkarlıqla davam etdirəcəklər.
Tədbirdə ağsaqqallıq missiyasını ləyaqətlə yerinə yetirən, təşkilatın həyata keçirdiyi işlərdə səmərəli fəaliyyəti ilə fərqlənən Şura üzvü Akif Əliyevə Fəxri Fərman təqdim olunub.





