Xəbərlər

Ağsaqqallar gənclərə həmişə örnək olmaqla yanaşı, ictimai-siyasi işlərdə də fəal iştirak edirlər

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Bakının Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

Ağsaqqallar Şurasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Milli Məclisin deputatı Aydın Hüseynov, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Tədbir iştirakçıları, əvvəlcə, ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.

Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, rayonun mədəni-ictimai həyatında, gənc nəslin formalaşmasında, inkişafında ağsaqqallar həmişə əhəmiyyətli rol oynayıblar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük müharibədə qazandığı möhtəşəm Zəfərdən qürurla söz açılıb. Diqqətə çatdırılıb ki, torpaqlarımızın işğaldan azad edilməsində Qaradağ rayonundan olan gənclər də böyük qəhrəmanlıqlar göstəriblər. Belə mərd oğulların yetişdirilməsində ağsaqqalların əməyi danılmazdır.

Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, deputat Eldar İbrahimov, əvvəlcə, Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını konfrans iştirakçılarına çatdırıb. Sonra o, Azərbaycan Ağsaqqallar Şurası haqqında, yerli təşkilatların tərkibi, Əsasnaməsi və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirilib ki, xalqımız, həmçinin ağsaqqallarımız 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşərək, bütün dünyaya Azərbaycanın qüdrətini göstərib. Otuz illik münaqişəyə 44 gün ərzində son qoyulduğunu, düşmən üzərində qazanılan böyük Qələbənin hərb salnaməsinə qızıl hərflərlə həkk olunduğunu qeyd edən Eldar İbrahimov vurğulayıb ki, bu uğur, bu nailiyyət, bu tarixi hadisə Müzəffər Ali Baş Komandan İlham Əliyevin, onun rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun, qəhrəman əsgərlərimizin adı ilə bağlıdır. Daha sonra diqqətə çatdırılıb ki, davam edən koronavirus pandemiyasına və bundan irəli gələn müəyyən çətinliklərə baxmayaraq, dövlətimizin başçısının rəhbərliyi ilə bu gün Azərbaycan yeni tərəqqi mərhələsinə qədəm qoyub. Bildirilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük töhfə verdiyi, ölkəmizdə davam edən bu inkişaf prosesi Azərbaycan Ağsaqqallar Şurasında da özünü göstərməkdədir.

Qaradağ rayonundan seçilmiş deputat Aydın Hüseynov bildirib ki, rayonun mərd övladları Azərbaycanın Vətən müharibəsindəki Qələbə tarixinə qəhrəmanlıqları ilə öz adlarını yazıblar. Bu Zəfərin qazanılmasında ağsaqqalların da böyük rolu olub. Ağsaqqallar gənclərə həmişə örnək olmaqla yanaşı, ictimai-siyasi işlərdə də fəal iştirak edirlər. Onlar rayonun bütün tədbirlərində diqqət mərkəzində saxlanılır və qayğı ilə əhatə olunurlar. Milli-mənəvi dəyərlərimiz sayılan ağsaqqallara sağlam ömür arzulayan deputat bildirib ki, ağsaqqal sözünün hikmətinin böyüklüyünə həmişə yüksək qiymət verən, onları cəmiyyətin ən nüfuzlu üzvləri kimi qəbul edən ulu öndər Heydər Əliyevin respublika ağsaqqallarına göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.

Sonra təşkilati məsələlər müzakirə olunub. Qaradağ Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Ramin Məmmədov Şuranın sədri seçilib. Konfransda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.

Sonda natiqlər Qaradağ Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və İdarə Heyətini təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.