Xəbərlər

Ağsaqqallar Qala qəsəbəsində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşdə iştirak ediblər

Xəzər Rayon Ağsaqqallar Şurasının üzvləri, o cümlədən Rayon Ağsaqqallar Şurasının sədr müavini, Rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Balaəli Əliyev, həmçinin Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, idarə rəhbərləri və digər ictimaiyyət nümayəndələri Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Qala qəsəbəsində yaşayan sakinlərlə görüşündə iştirak ediblər.

Görüş zamanı çıxış edən Elşən Salahov müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun Qarabağda apardığı uğurlu antiterror əməliyyatlarından, artıq bölgənin qanunsuz  erməni silahlı qüvvələrindən və onların xəyanətkar başçılarından  təmizlənməsindən bəhs edib. Bu sevinci Azərbaycan xalqına yaşatdığına görə dövlət başçısına və qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını bildirib. O, həmçinin, ölkəmizin bütün bölgələrində, o cümlədən, Xəzər rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım  Əliyevanın rəhbərliyi ilə bütün sahələrdə əldə olunmuş nailiyyətlərdən, görülmüş abadlıq-quruculuq işlərindən danışıb və bütün bunların vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərdən biri olduğunu qeyd edib.

Sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov görüşdə iştirak edən sakinlərin fikirlərini, müraciətlərini dinləyib.

Görüşdə çıxış edən rayon ağsaqqalları da Qarabağda qazanılan uğurlardan, “Dəmir yumruğun” düşmənə öz gücünü göstərərək Qələbəmizi təmin etməsindən və hamımıza yüksək qürur hissi yaşatmasından böyük fəxrlə bəhs ediblər. Həmçinin vurğulayıblar ki, Xəzər rayonunda bütün sakinlərə, xüsusilə də şəhid ailələrinə, qazilərə, o cümlədən ağsaqqallara yüksək diqqət və qayğı göstərilir və biz də, öz növbəmizdə, rayonun ictimai-mədəni həyatında yaxından iştirak edərək xalqımıza və dövlətimizə xidmətimizi davam etdiririk.

Daha sonra görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.