Quba Rayon Ağsaqqallar Şurasının üzvləri, o cümlədən Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, habelə digər ictimaiyyət nümayəndələri Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun İkinci Nügədi kənd inzibati ərazi dairəsi üzrə vətəndaşlarla keçirdiyi səyyar qəbulda iştirak ediblər.
Qəbul zamanı Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov 7 fevral tarixində keçirilən prezident seçkilərindən və cənab İlham Əliyevin xalqın böyük etimadı ilə bu seçkilərdə qalib gələrək yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsindən söz açıb, o cümlədən dövlət başçısının rəhbərliyi ilə respublikamızda, eləcə də rayonda görülmüş işlər haqqında kənd sakinlərinə ətraflı məlumat verib. Sonra qəbulda iştirak edən sakinlərin fikirlərini, müraciətlərini dinləyib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verib.
Kənd sakinləri, ağsaqqallar xalqımızın hər bir nümayəndəsinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, habelə əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Vurğulayıblar ki, mütəmədi olaraq keçirilən bu görüşlər əhali ilə məmurlar arasında səmərəli “körpülərin” yaradılmasına və problemlərin həllinə öz töhfəsini verir.
Qəbuldan əvvəl rayonun rəhbər şəxsləri ağsaqqallarla birlikdə 44 günlük Vətən müharibəsində şəhid olmuş Lətifov Eynulla Niyətulla oğlunun İkinci Nügədi kəndində yaradılmış xatirə bulağı və 3 nömrəli tam orta məktəbin qarşısında inşa edilmiş “Şəhidlər” abidə kompleksi ilə tanış olublar, Vətən uğrunda canından keçən bütün qəhrəman şəhidlərimizə uca Allahdan rəhmət, qazilərə cansağlığı diləyiblər.