Xəbərlər

Ağstafa Rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

4 aprel  2022-ci il tarixində Ağstafada yerli ictimaiyyət nümayəndələrinin, ağsaqqalların, ziyalıların və bəzi  təşkilat rəsmilərinin iştirakı ilə Rayon Ağsaqqallar Şurasının  yığıncağı keçirilib.

Öncə tədbir iştirakçıları Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Yığıncağı giriş sözü ilə açan Ağstafa Rayon Ağsaqqallar Şurasının sədr müavini Cəmaləddin Rzayev tədbir iştirakçılarını salamlayaraq təşkilatın fəaliyyət tarixindən bəhs edib. O vurğulayıb ki, əvvəllər kifayət qədər fəal olmayan Ağstafa Rayon Ağsaqqallar Şurası 14 aprel 2021-ci ildə keçirilən konfransdan sonra yeni heyətlə fəaliyyətini davam etdirərək  işində nəzərəçarpacaq canlanma yaradıb. Natiq qeyd edib ki, təşkilatın üzvləri ilə birgə fəaliyətimizi günün tələbləri səviyyəsində qurmaq üçün rayonun bütün ağsaqqalları, ziyalıları ilə, o cümlədən müvafiq yerli qurumlarla əlaqələr yaradır, İdarə Heyətinin üzvləri arasında vəzifə bölgüsü apararaq ayrı-ayrı kəndlərdə şəhid ailələri və qazilərlə görüşlər, ziyarətlər təşkil etməyi və digər bir sıra  işləri həyata keçirməyi planlaşdırırıq. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin məhsuldar fəaliyyəti və rəhbərliyi sayəsində Ağstafa Rayon Ağsaqqallar Şurasının respublika miqyasında layiqli yerlərdən birini tutacağına əminliyini dilə gətirən Cəmaləddin Rzayev bu işlərdə rayon ictimaiyyətinin və təşkilatlarının onlara dəstək olmalarını xahiş edib.

Daha sonra çıxış edən  Azərbaycanın Xalq artisti, ağstafalı el ağsaqqalı Tariyel Qasımov,  Azərbaycan Yazıçılar Birliyinin üzvləri, şair Nəriman Mehdixanlı və şair Qurban Həmidoğlu, o cümlədən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Rayon Gənclər və idman idarəsinin rəisi Əziz Məsmalıyev və digər natiqlər ağsaqqalların ölkənin ictimai-mədəni həyatındakı rolundan danışaraq qeyd ediblər ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin başçılığı altında həyata keçirilən dinamik inkişaf prosesində bu qəbildən olan insanların fəaliyyəti danılmazdır. Vurğulanıb ki, ağsaqqallar, ziyalılar, həmçinin yerli təşkilatlar və ümumiyyətlə, bütün sakinlər Rayon Ağsaqqallar Şurasının fəaliyyətini hərtərəfli dəstəkləməli və həyata keçirilən işlərdə yaxından iştirak etməlidirlər.

Sonda el ağsaqqalı, dəyərli ziyalı Qılman Qəhrəmanlı uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə və 75 illik yubileyi münasibətilə Ağstafa Rayon Ağsaqqallar Şurasının Fəxri fərmanı ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.