Xəbərlər

Ağsu Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

Mart ayının 5-də Ağsu Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Yeni Azərbaycan Partiyasının Ağsu rayon təşkilatının inzibati binasının akt zalında baş tutan tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Elçin Məmmədov, YAP Ağsu Rayon Təşkilatının sədri Füzuli Abdullayev, Azərbaycan Ağsaqqallar Şurasının rəsmi şəxsləri Rafiq Rzayev və Elşad Quliyev, rayon ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk öncə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının və Ağsu Rayon Ağsaqqallar Şurasının mərhum sədri Seyfəddin Abdullayevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Elçin Məmmədov konfrans iştirakçılarını salamlayıb. Bildirib ki, bütün Azərbaycanda olduğu kimi, Ağsu rayonunun əhalisi arasında da xüsusi yeri və hörməti olan ağsaqqallarımızın tövsiyə və məsləhətlərinə cəmiyyətimizdə hər zaman ehtiyac vardır. Bu gün də gənclərimizin vətənpərvərlik ruhunda, zərərli, yad təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmaları işində  rayon ağsaqqalları mühüm rol oynayırlar. Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətinə uğurlar arzulayan Rayon İcra Hakimiyyəti başçısının müavini  qeyd edib ki, təşkilatda təmsil olunan tanınmış ziyalıların və ictimai-siyasi xadimlərin dəstəyi ilə ölkəmizdə ağsaqqallıq institutunun fəaliyyəti və nüfuzu daha da yüksələcəkdir.

Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli konfrans iştirakçılarına Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını çatdırıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan cəmiyyətində ağsaqqallıq missiyasının əhəmiyyətindən danışan natiq vurğulayıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dinamik inkişaf prosesində ağsaqqalların fəaliyyəti danılmazdır. O bildirib ki, sıralarında görkəmli elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurasında son illərdə millət vəkili, professor Eldar Quliyevin başçılığı altında ciddi canlanma hiss edilir. Ağsaqqallarımız öz aktiv fəaliyyətləri ilə  Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman xalqımızın mənafeyinə xidmət edən uğurlu daxili və xarici siyasətini bu gün də ürəkdən dəstəkləyir,  cəmiyyətimizin, xüsusilə də gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda yetişməsində və maariflənməsində üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirirlər. Rayonun milli-mənəvi dəyərləri sayılan ağsaqqallara sağlam ömür arzulayan Ramin Həsənli əmin olduğunu bildirib ki, Ağsunun müdrik, ziyalı insanlarından seçiləcək Rayon Ağsaqqallar Şurasının sədri və yeni tərkibi təşkilatın işini daha da aktivləşdirəcək, quruma yeni ruh, yeni nəfəs gətirəcəkdir.

Konfransda çıxış edən YAP Ağsu Rayon Təşkilatının sədri Füzuli Abdullayev və digər natiqlər də ağsaqqalların rayonun ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıblar. Qeyd ediblər ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal  sözü, xeyir-duası həmişə ali həyat məramı olub.

Sonra konfransda təşkilati məsələlər müzakirə olunub. Səsvermə yolu ilə ziyalı, el ağsaqqalı Vaqif Nəzərov Ağsu Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Tədbirdə, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti və Təftiş Komissiyası da formalaşdırılıb.

Ağsu Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədri Vaqif Nəzərov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və digər tədbir iştirakçıları Ağsu Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və heyətini təbrik edərək, gələcək fəaliyyətlərində təşkilat üzvlərinə uğurlar arzulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.