“Bilik Günü” münasibətilə Ağsu rayonunun bütün təhsil ocaqlarında tədbirlər keçirilib. Agsu şəhər A.Nadirov adına 1 saylı məktəb-liseydə təşkil olunmuş “Bilik Günü” tədbirində Rayon İcra Hakimiyyətinin numayəndəsi Zülfiyyə Məhərrəmova, Rayon Agsaqqallar Şurasının sədri Vaqif Nəzərov, habelə məktəbin müəllimləri, valideynlər və şagirdlər iştirak ediblər. Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövliyi ugrunda həlak olan qəhrəman şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə digər natiqlərlə yanaşı, Ağsu Rayon Agsaqqallar Şurasının sədri Vaqif Nəzərov də çıxış edib. Vaqif müəllim öz çıxışında bütün təhsil işçilərini, müəllimləri, şagirdləri və valideynləri “Bilik Günü” münasibətilə təbrik edərək, onlara yeni tədris ilində uğurlar arzulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsindəki siyasətini yüksək səviyyədə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə təhsil sisteminin inkişaf etdirilməsinə böyük diqqət və qayğı göstərir. Mütəmadi olaraq təhsil işçilərinin əmək haqlarının artırılması, onların Əməkdar müəllim adlarına, Prezident təqaüdlərinə və bir sıra dövlət təltiflərinə layiq görülmələri bunun bariz göstəricisidir. Yeni məktəb binalarının tikilməsi və köhnələrin isə əsaslı şəkildə təmir edilməsi də ölkə miqyasında geniş vüsət alıb. Vaqif Nəzərov, həmçinin, bildirib ki, Ağsu rayonunda da məktəblər müasir tələblərə cavab verən təhsil ocaqlarının səviyyəsinə yüksəlibdir. Məktəblərdə təhsilin keyfiyyətinin və şagirdlərin biliklərə yiyələnməsi üçün yaradılan şəraitin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq işlər görülür. Əminik ki, görülən işlərin nəticəsində rayon təhsil müəssisələrinin uğurları artacaq, məzunlarımızın ali məktəblərə daxil olma göstəriciləri növbəti illərdə daha da yüksələcəkdir.
Tədbir “İlk zəng”in səslənməsi ilə başa çatıb.