Ağsu Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Veteranlar evində şəhid ailələrinin üzvləri və ağsaqqallarla çay süfrəsi ətrafında görüş keçirilib.
Görüşdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov, Veteranlar cəmiyyətinin sədri Cəmaləddin Zeynalov, şəhid ailələrinin üzvləri, ağsaqqallar, veteranlar, eləcə də icra hakimiyyətinin, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Rövşən Bağırov görüşdə çıxış edərək rayonun ictimai-siyasi və mədəni həyatında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların fəal rolundan söz açıb, ölkəmizdə zəngin həyat və iş təcrübəsinə malik olan ağsaqqallara və ziyalılara hər zaman ehtiyacın olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmizin inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən ətraflı bəhs edən natiq şəhid ailələrinin üzvlərinə və qazilərə dövlətimiz tərəfindən yüksək diqqət və qayğının göstərildiyini bildirib.
Görüşdə çıxış edən Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov kökləri qədim Türk tarixinə gedib çıxan ağsaqqallıq institutunun və onun dəyərli missiyasının cəmiyyət və dövlət qarşısında həm şərəfli, həm də məsuliyyətli bir iş olduğunu qeyd edib. Rayon Ağsaqqallar Şurası üzvlərinin öz fəaliyyətləri dövründə daim dövlət başçısı cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəklədiklərini, Şuranın Nizamnaməsi və rayonlar üçün nəzərdə tutulmuş Əsasnaməsindən irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bilik və təcrübələrini əsirgəmədiklərini vurğulayıb. Əlavə edib ki, təşkilat şəhid ailələri və qazilərlə mütəmadi görüşlər keçirir, gənclərlə davamlı olaraq maarifləndirici işlər aparır. Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov, həmçinin, bu sahədə onlara şərait yaradan Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən digər natiqlər əhalinin rifah halının yaxşılaşdırılmasına daim diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ağsulular adından minnətdarlıqlarını ifadə ediblər, dövlət başçısının həyata keçirdiyi siyasi kursu birmənalı dəstəklərini bildiriblər.
Görüş ağsaqqalların, ziyalıların rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri, eləcə də görülmüş və görülməsi nəzərdə tutulan məsələlər barədə müzakirələrlə davam edib.