Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 32 və YAP Ağsu rayon təşkilatının təsis edilməsinin 31 illiyinə həsr olunmuş konfransda Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli, Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev, Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov, Rayon Veteranlar Təşkilatının sədri Camaləddin Zeynalov, habelə ziyalılar, ağsaqqallar, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub və abidənin önünə gül dəstələri düzülüb.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə digər natiqlərlə yanaşı, Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov da çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi şərəfli yoldan, təşkilatın ölkənin siyasi, iqtisadi, sosial inkişafındakı mühüm rolundan və qazandığı uğurlardan danışıb. O, Ulu Öndər Heydər Əliyevin dəyərli ideyaları, müdrikliyi, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP-ın bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını vurğulayıb. Öz çıxışında Vaqif Nəzərov, həmçinin, Azərbaycan Ağsaqqallar Şurası ilə YAP arasında mövcud olan səmərəli əməkdaşlıq münasibətlərindən də söz açıb. Vurğulayıb ki, Ağsuda da Rayon Ağsaqallar Şurası YAP-ın yerli təşkilatı ilə sıx əməkdaşlıq edir, birgə tədbirlər, görüşlər keçirir, xüsusilə də hər iki təşkilat gənclərimizin maarifləndirilməsi işində birlikdə yaxından iştirak edir. Natiq çıxışının sonunda rayon ağsaqqalları adından Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 və YAP Ağsu rayon təşkilatının təsis edilməsinin 31 illiyi münasibətilə təşkilatın hər bir üzvünü təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Digər çıxışlarda da qeyd edilib ki, YAP-ın tarixi davamlı uğurlarla zəngindir və bu uğurların əsasında dövlətə, xalqa xidmət dayanır. Xalqın partiyaya inamının və etimadının göstəricilərindən biri ölkədə keçirilən bütün seçkilərdə uğur qazanmasıdır. YAP qələbələr partiyası kimi tanınır və nüfuz qazanır. Partiya qarşıdakı dövrdə də tarixini daha möhtəşəm uğurlarla zənginləşdirəcək.
Sonda YAP Ağsu rayon təşkilatının fəaliyyətində və rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup partiya fəalına Fəxri fərmanlar, partiyaya yeni üzv qəbul edilmiş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.