Ağsu Rayon Ağsaqqallar Şurasının üzvləri mütəmadi olaraq rayonun sayılıb seçilən, hörmətli ağsaqqallarını evlərində ziyarət edirlər. Növbəti belə ziyarət zamanı Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Kənan Hacızadə və Şura üzvləri rayonun Çaparlı kənd sakini, 94 yaşlı el ağsaqqalı Rüstəmov Gülhüseyn Əlhuseyn oğlu ilə görüşüblər.
Çaparlı kəndində uzun müddət məktəb direktoru işləmiş Gülhüseyn Rüstəmov rayonda həmişə yüksək nüfuza malik ziyalılardan olmuşdur. Böyük ailə başçısı olan Gülhüseyn müəllimin 10 övladı, 42 nəvəsi, 39 nəticəsi vardır.
Görüş zamanı el ağsaqqalı ilə həmsöhbət olan Vaqif Nəzərov və digər qonaqlar Gülhüseyn müəllimin səhhəti, həyat və fəaliyyət yolu, pedaqoji təcrübəsi ilə maraqlanıblar, xatirələrini dinləyiblər. Bildiriblər ki, uzun illər müəllim kimi fəaliyyət göstərən ağsaqqal ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edib, neçə-neçə şagirdin həyat yoluna işıq salıb. Onun yetirmələri arasında hazırda müxtəlif vəzifələrdə uğurla çalışan insanlar var. Bu gün də Gülhüseyn Rüstəmov gənclərimiz üçün bir örnəkdir. Görüş iştirakçıları ağsaqqal müəllimə uzun ömür, möhkəm cansağlığı və firavan günlər arzulayıblar.
Qonaqlarla səmimi söhbət edən Gülhüseyn Rüstəmov göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Belə görüşlərin ağsaqqallara, yaşlı nəslin nümayəndələrinə, ömrünü xalqımızın, dövlətimizin inkişafına, eləcə də gənc nəslin yetişməsinə həsr etmiş ziyalılara göstərilən ehtiramın böyük ifadəsi olduğunu vurğulayıb.





