Oktyabr ayının 14-də Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri, uzun illər dövlət və ictimai fəaliyyət sahəsində səmərəli çalışmış, müdrikliyi, zəngin həyat təcrübəsi və yüksək insani keyfiyyətləri ilə seçilən dəyərli ziyalı, hörmətli ağsaqqal Akif Kazımovun 85 illik yubileyi tamam olur.
Akif Kazımov mənalı ömür yolunu doğma Biləsuvarın inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə və cəmiyyətimizin tərəqqisinə xidmətə həsr etmişdir. Əmək fəaliyyətinin müxtəlif mərhələlərində mühüm dövlət vəzifələrində çalışmış Akif müəllim yüksək məsuliyyəti, idarəçilik bacarığı, prinsipiallığı və insanlarla işləmək məharəti ilə seçilmişdir. Uzun illər Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışaraq rayonun sosial-iqtisadi inkişafı, idarəetmə məsələlərinin həlli və əhalinin qayğılarının diqqətdə saxlanılması istiqamətində öz bilik və təcrübəsini əsirgəməmişdir. Dövlət qulluğundan sonrakı dövrdə də rayonun ictimai-siyasi həyatında fəal iştirak edən Akif Kazımov Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının fəaliyyətində yaxından iştirak etmiş, dövlətçilik prinsiplərinə sədaqəti, ictimai fəallığı və vətəndaş mövqeyi ilə seçilmişdir. Onun uzun illər ərzində qazandığı nüfuz, insanlarla səmimi münasibətləri və doğma el-obasına bağlılığı rayon ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilmişdir.
Akif müəllimin zəngin həyat yolunun ən dəyərli və mənəvi baxımdan əhəmiyyətli mərhələlərindən biri də ağsaqqallıq fəaliyyətidir. 2022-ci ildə Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri seçilməsi onun uzun illər ərzində əldə etdiyi həyat təcrübəsinə, müdrikliyinə, yüksək mənəvi keyfiyyətlərinə və el-oba arasında qazandığı böyük hörmətə göstərilən etimadın ifadəsidir. Bu məsuliyyətli missiyanı üzərinə götürdüyü gündən Akif Kazımov ağsaqqallıq institutunun cəmiyyətdəki nüfuzunun qorunmasına, milli-mənəvi dəyərlərimizin yaşadılmasına, nəsillər arasında mənəvi bağlılığın möhkəmləndirilməsinə və ictimai həmrəyliyin gücləndirilməsinə xüsusi diqqət yetirmişdir. Onun fəaliyyətində ağsaqqallığın əsrlərdən bəri xalqımızın mənəvi dayağı olmuş müdriklik, xeyirxahlıq, ədalət, barışdırıcılıq və el birliyinə xidmət kimi ali keyfiyyətləri öz parlaq ifadəsini tapır.
Bu gün Akif müəllim təkcə Biləsuvarın tanınmış ziyalısı və təcrübəli ictimai xadimi deyil, həm də sözü dinlənilən, məsləhətinə ehtiyac duyulan, gənc nəslə nümunə göstərilən nüfuzlu el ağsaqqalıdır. O, şəxsi nüfuzundan və zəngin həyat təcrübəsindən istifadə edərək insanlar arasında qarşılıqlı hörmətin, ailə dəyərlərinin, böyüyə ehtiramın, kiçiyə qayğının və vətənpərvərlik ruhunun gücləndirilməsinə dəyərli töhfələr verir. Əminik ki, Akif Kazımov bundan sonra da öz müdrik məsləhətləri, prinsipial mövqeyi və xeyirxah fəaliyyəti ilə Biləsuvar rayonunda ağsaqqallıq ənənələrinin yaşadılmasına, gənclərin milli-mənəvi ruhda tərbiyəsinə, cəmiyyətimizdə sağlam mənəvi mühitin və birliyin möhkəmləndirilməsinə xidmətini uğurla davam etdirəcəkdir.
Biləsuvar rayonunun hörmətli ziyalısı, müdrik ağsaqqal, alicənab insan Akif Kazımovu 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, könül rahatlığı, doğmalarının əhatəsində xoş günlər, tükənməz həyat enerjisi və şərəfli ağsaqqallıq fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri
adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV