Avqust ayının 26-da Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin 74 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Allahşükür Paşazadəyə təbrik ünvanlayıblar. Təbrikdə deyilir:
Hörmətli Şeyxülislam Allahşükür Paşazadə!
Sizi – xalqımızın və dövlətimizin mənafeyini hər şeydən üstün tutan xeyirxah və dəyərli şəxsiyyəti, mənəvi saflığa və vətəndaş böyüklüyünə sahib olan nüfuzlu ziyalını, vətənpərvər ictimai və dini xadimi şərəflə yaşadığınız ömrünüzün 74-cü ildönümü münasibətilə ürəkdən təbrik edir, uca Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı, firavanlıq, Azərbaycanın və bütün dünya müsəlmanlarının rifahı naminə səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!
Siz Qafqaz Müsəlmanları İdarəsinin sədri – bütün Qafqaz xalqlarının dini lideri olaraq ictimai və dini fəaliyyətinizin hər bir səhifəsi vətəndaşlara xidmət nümunələri ilə zəngin olan son dərəcə təvazökar şəxsiyyət kimi həmişə haqqı, ədaləti müdafiə etmisiniz. Bir dini-ictimai xadim və müdrik ağsaqqal olaraq vətənimiz Azərbaycanın ən tarixi məqamlarında əsl ziyalı və vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, sülhün, tolerantlığın bərqərar edilməsi, mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafı istiqamətində böyük xidmətlər göstərmisiniz. Qafqazda sülhün və əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı gərgin fəaliyyət göstərməklə yanaşı, müsəlman həmrəyliyi prinsipindən çıxış edərək dünyanın bir çox bölgələrində müsəlmanların başına gətirilən əzab-əziyyətlərə də öz etiraz səsinizi ucaltmısınız. Müqəddəs Qurani-Kərimin təbliğ etdiyi haqq, ədalət və humanizm ideyaları İslam aləminin taleyüklü problemlərinin həlli yolunda atdığınız addımlarda öz əksini tapmışdır. Bu gün də dəyərli fəaliyyətiniz Qafqaz regionunda və dünya xalqları arasında dostluq, etimad və anlaşmanı təmin edir, sabitliyə, insanların tolerantlıq, sülhsevərlik və qarşılıqlı hörmət ruhunda tərbiyəsinə böyük təsir göstərir. Xalqımız və dövlətimiz qarşısındakı çətin, lakin şərəfli fəaliyyətiniz Ulu Öndərimiz Heydər Əliyev və onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir və Siz “Şöhrət”, “Şərəf”,”İstiqlal”, “Heydər Əliyev” ordenləri və bir çox digər ali mükafatlarla təltif edilmisiniz.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq Siz hazırda müdrik ağsaqqal və dəyərli ziyalı kimi xalqımızın həyatında, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və bu dəyərlərimizin gənclər arasında təbliğ edilməsində əhəmiyyətli rol oynayır, bizə əmanət edilən mübarək mirasa — İslam dininə daim sadiqlik nümayiş etdirərək cəmiyyətimizdə öz şərəfli missiyanızı uğurla həyata keçirirsiniz.
Hörmətli Şeyxülislam Həzrətləri!
Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi ad gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə doğma Vətənimizin yüksəlişi naminə gördüyünüz bütün işlərdə böyük nailiyyətlər arzulayırıq! Qoy xalqımıza və bütün müsəlmanlara dərin məhəbbətlə bağlı olan bu həyat yolunuzda Allah-Təalanın mərhəməti və rəhməti heç zaman üstünüzdən əskik olmasın!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV