Bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin 75 yaşı tamam olur. Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri yubileyi münasibətilə Allahşükür Paşazadəyə təbrik ünvanlayıblar. Təbrikdə deyilir:
Hörmətli Şeyxülislam Allahşükür Paşazadə!
Sizi – zəngin təcrübəyə və müdrikliyə malik görkəmli din xadimini, öz yorulmaz fəaliyyəti ilə xalqımızın mənəviyyatının inkişafına qiymətli töhfələr verən vətənpərvər ziyalını və alicənab insanı 75 İllik Yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, nəcib və şərəfli fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq!
Bütün dünya müsəlmanları arasında böyük nüfuza və hörmətə sahib dini lider olaraq Siz İslamın gözəl ənənələrinin ölkəmizdə, eləcə də Qafqaz regionunda qorunub saxlanılmasında, dinlərarası dialoqun güclənməsində, multikulturalizm və tolerantlığın inkişaf etdirilməsində əhəmiyyətli rol oynayırsınız. Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etdiyiniz illər ərzində bu dini qurum İslam dəyərlərinin geniş təbliğ olunması, müsəlmanların dini-mənəvi birliyinin möhkəmləndirilməsi, onların cəmiyyətin həyatında fəallığının artırılması işində mühüm mərkəzlərdən birinə çevrilmişdir. Qafqazla yanaşı, bütün beynəlxalq aləmdə sülhün və əmin-amanlığın bərqərar olması ilə bağlı gərgin fəaliyyət göstərməklə, hər zaman müsəlman həmrəyliyi nümayiş etdirərək dünyanın bir çox bölgələrində din qardaşlarımızın başına gətirilən əzab-əziyyətlərə öz etiraz səsinizi ucaldırsınız. Müqəddəs kitabımız Qurani-Kərimin təbliğ etdiyi haqq, ədalət və humanizm prinsipləri İslam aləminin taleyüklü problemlərinin həlli yolunda atdığınız addımlarda öz əksini tapmışdır. Bəşəriyyət qarşısındakı məsuliyyətli və şərəfli fəaliyyətiniz dünya ölkələri, beynəlxalq təşkilatlar və dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilmişdir və Siz “Şöhrət”, “Şərəf”, ”İstiqlal”, “Heydər Əliyev” ordenləri və bir çox digər ali mükafatlarla təltif edilmisiniz.
Nüfuzlu dini lider olmaqla yanaşı, Siz Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətində təmsil olunan müdrik bir ağsaqqal kimi də cəmiyyətimizdə mənəvi-əxlaqi dəyərlərin təbliğ edilməsinə, sülh və ədalət ideyalarının formalaşmasına, gənc nəslin vətənpərvərlik və azərbaycançılıq məfkurəsinə, mütərəqqi milli və dini adət-ənənələrə bağlılıq ruhunda tərbiyəsi işinə böyük töhfələr verirsiniz.
Hörmətli Şeyxülislam həzrətləri!
Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi əlamətdar Yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə Azərbaycanın tərəqqisi naminə həyata keçirdiyiniz bütün işlərdə yeni-yeni nailiyyətlər diləyirik! Qoy bütün müsəlman dünyasına dərin sevgi ilə bağlı olan bu şərəfli həyat və fəaliyyətinizdə uca Allahın mərhəməti daim üzərinizdə olsun!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV