Xəbərlər

AQİYƏ NAXÇIVANLI – TƏBRİK

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Aqiyə xanım Naxçıvanlının doğum günüdür.

Aqiyə xanım Azərbaycanın elmi-pedaqoji həyatında dərin iz qoymuş, Vətənimizə, xalqımıza və dövlətçiliyimizə sədaqətlə xidmət etmiş tanınmış ziyalı, görkəmli ictimai-siyasi xadim və nüfuzlu pedaqoqdur. Vətənə sədaqət, xalqa xidmət və dövlətçilik ideallarına bağlılıq onun bütün fəaliyyətinin ana xəttini təşkil edir. Müəllimlik fəaliyyətindən başlayaraq elmə, ictimai-siyasi həyata və ali dövlət idarəçiliyinə qədər yüksələn şərəfli ömür yolu ardıcıl zəhmətin, prinsipial mövqeyin və yüksək intellektual potensialın nəticəsidir.

Aqiyə Naxçıvanlı uzun illər pedaqoji və elmi fəaliyyəti ilə minlərlə gəncin formalaşmasında,  Azərbaycan təhsilinin inkişafında mühüm rol oynamışdır. Azərbaycan Müəllimlər İnstitutunun rektoru kimi fəaliyyəti dövründə təhsilin məzmununun zənginləşdirilməsi, idarəetmə mədəniyyətinin təkmilləşdirilməsi, milli-mənəvi dəyərlərin təbliği istiqamətində gördüyü işlər xüsusi əhəmiyyətə  malikdir. Professor kimi formalaşdırdığı elmi məktəb, müəllifi olduğu kitablar və yüzlərlə elmi məqalə Azərbaycan elmi fikrinin inkişafına böyük töhfə vermişdir.

Aqiyə xanımın ictimai-siyasi fəaliyyəti də eyni dərəcədə zəngin və məhsuldardır. Uzun illər Azərbaycan Respublikasının Milli Məclisində xalqı ləyaqətlə təmsil etməyi, xüsusilə elm və təhsil, eləcə də ailə, qadın və uşaq məsələləri sahəsində göstərdiyi fəaliyyət dövlətimizin sosial siyasətinin möhkəmlənməsinə xidmət etmişdir. Milli Məclisdə komitə sədri və üzv kimi prinsipial mövqeyi, qanunvericilik təşəbbüsləri, beynəlxalq parlamentlərarası əlaqələrin inkişafındakı rolu onun dövlətçilik maraqlarına sadiqliyinin bariz ifadəsidir.

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi də Aqiyə Naxçıvanlının dəyərli fəaliyyəti xüsusi vurğulanmalıdır. Şuranın öz məqsəd və məramları – milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, cəmiyyətimizdə birlik və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində apardığı işlərdə Aqiyə xanımın fəallığı, təşəbbüskarlığı və prinsipial mövqeyi böyük əhəmiyyət daşıyır. Onun ağsaqqallıq ənənəsinin yaşadılması, cəmiyyətin müxtəlif təbəqələri arasında dialoqun möhkəmləndirilməsi, xüsusilə gənclərlə ağsaqqallar arasında körpünün qurulması istiqamətində fəaliyyəti yüksək qiymətə layiqdir. O, bu gün də səmərəli fəaliyyəti, müdrik və prinsipial mövqeyi ilə Azərbaycan Ağsaqqallar  Şurasının nüfuzunun daha da artmasına xidmət edir.

Dövlətimiz tərəfindən fəaliyyəti yüksək qiymətləndirilərək müxtəlif orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” və “Heydər Əliyevin 100 illiyi” medalları, eləcə də  bir sıra digər ali mükafatlarla təltif olunmağı onun çoxillik xidmətlərinə verilən yüksək dəyərin təzahürüdür.

Bu əlamətdar və xoş gündə dəyərli ömrünü xalqa və dövlətə xidmətə həsr edən, ziyalılıq missiyasını ləyaqətlə daşıyan, şərəfli həyat yolu gənc nəsil üçün əsl vətənpərvərlik, fədakarlıq və zəhmət nümunəsi olan Aqiyə xanım Naxçıvanlını doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, Azərbaycan naminə həyata keçirdiyi bütün işlərdə davamlı müvəffəqiyyətlər, yeni-yeni elmi, ictimai və yaradıcılıq uğurları arzulayırıq!

 

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili,

professor                                                                                                                                                                  Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.