Sentyabr ayının 18-də Xızı Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar müəllim, dəyərli ziyalı Arif Nağıyevin 70 yaşı tamam olur.
Arif Nağıyev həmişə yaxşılığın keşiyində dayanan ləyaqətli, yüksək mənəviyyata malik vətənpərvər pedaqoq, savab əməlləri, xoşməramlı işləri ilə insanların hörmət və sevgisini qazanan alicənab şəxsiyyətdir. Uzunmüddətli səmərəli pedaqoji fəaliyyət göstərən və bu sahədə bir sıra məsul vəzifələrdə uğurla çalışan Arif müəllim hər zaman Azərbaycan xalqının və dövlətinin tərəqqisinə xidmət edib, yüzlərlə tələbənin elmin sirlərinə yiyələnməsində, nümunəvi vətəndaşlar olaraq həyata vəsiqə qazanmalarında əvəzsiz xidmətləri olub. Fəaliyyət göstərdiyi dövrdə təhsil sahəsində qazandığı uğurlara görə 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına və 2021-ci ildə isə “Əmək veteranı” adına layiq görülüb.
Arif Nağıyev hazırda Xızı Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik bir ağsaqqal, dəyərli bir ziyalı kimi Azərbaycan dövlətçiliyinin inkişafına, cəmiyyətimizin, xüsusilə də gənc nəslin vətənpərvərlik və milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə dəyərli töhfələr verir.
Arif müəllimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, Ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV