Təbriklər, Xəbərlər

ARİF PAŞAYEV – 90

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Milli Aviasiya Akademiyasının rektoru, dünya şöhrətli alim, müdrik ağsaqqal Arif Mir Cəlal oğlu Paşayevin 90 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Arif müəllimə təbrik ünvanlayıblar. Təbrikdə deyilir:

Hörmətli Arif müəllim!
Sizi – xalqımızın görkəmli alimini, müdrik ağsaqqalı və nüfuzlu ziyalımızı 90 illik şanlı yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uca Allahdan uzun ömür, möhkəm cansağlığı, Vətənimizin tərəqqisi naminə dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!
Siz bu gün şərəf və vicdanla yaşadığınız ömrünüzün müdriklik zirvəsindəsiniz. Elmi-pedaqoji və ictimai fəaliyyətinizin hər bir səhifəsi xalqa xidmət nümunələri ilə zəngin olan son dərəcə təvazökar insansınız. Həmişə milli və dövlət maraqlarını üstün tutaraq xalqımıza və Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirmisiniz, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin tərəqqisinə, iqtisadi yüksəlişinə istiqamətlənmiş uğurlu siyasətinin daim yanında olmusunuz. Sizin rəhbərliyiniz altında Milli Aviasiya Akademiyası böyük inkişaf mərhələsi keçmiş, təhsilin keyfiyyəti dəfələrcə yüksəlmiş, minlərlə tələbənin ali təhsil almasında, nümunəvi vətəndaşlar olaraq həyata vəsiqə qazanmalarında əvəzsiz xidmətləriniz olmuşdur. Görkəmli akademik kimi çoxşaxəli sanballı elmi-tədqiqat işləriniz və əldə etdiyiniz uğurlu nəticələr Sizə dünya şöhrəti qazandırmışdır.
Milli ədəbiyyatımızın tanınmış simalarından olan yazıçı və ədəbiyyatşünas-alim Mir Cəlal Paşayevin ailəsində dünyaya göz açmış böyük alim və müdrik şəxsiyyət olaraq Siz həmişə həqiqəti, ədaləti müdafiə etmisiniz. Bir ictimai xadim və müdrik ağsaqqal kimi vətənimiz Azərbaycanın ən tarixi məqamlarında əsl ziyalı və vətəndaşlıq mövqeyi nümayiş etdirmisiniz. Siz həm də mərhum ömür-gün yoldaşınız, istedadlı alim, qayğıkeş ana Aida xanım İmanquliyeva ilə birgə ölkəmizə yüksək intellektli, mənəvi zənginliyə malik çox dəyərli övladlar – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti, ISESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz xanım Paşayeva kimi nəcib və vətənpərvər ziyalılar bəxş etmiş xoşbəxt ata və gözəl ailə başçısısınız.
Siz Azərbaycan Ağsaqqallar Şurasının fəxri üzvü olaraq müdrik bir ağsaqqal kimi ölkəmizin ictimai-mədəni həyatında yaxından iştirakınızla bu gün də gənclərimizin maarifləndirilməsi, eləcə də vətənpərvərlik ruhunda səfərbər olaraq möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin “dəmir yumruğu” ətrafında daha  sıx birləşməsi naminə gecə-gündüz çalışırsınız. Səmərəli elmi fəaliyyətinizə və təhsilin inkişafında xüsusi xidmətlərinizə görə bir çox təltiflərə, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri kimi ali dövləti mükafatlarla layiq görülübsünüz. Lakin əminliklə deyə bilərik ki, ən böyük mükafatınız dövlətimizin və xalqımızın Sizə – öz dəyərli ağsaqqalına, yüksək fəaliyyət əzmi ilə insanlara örnək ola biləcək nüfuzlu aliminə olan sonsuz sevgisidir.
Hörmətli Arif müəllim!
Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi 90 illik yubileyiniz münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından ürəkdən təbrik edir, Sizə Vətənimizin inkişafı istiqamətində həyata keçirdiyiniz bütün işlərdə tükənməz nailiyyətlər diləyirik!

 

Dərin hörmət və səmimiyyətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili,
professor                                                                                                             Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.