Astara rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.
Konfransda Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının rəhbər şəxsləri ilə yanaşı, Astara Rayon Ağsaqqallar Şurasının üzvləri, müxtəlif dövlət mükafatları ilə təltif olunmuş ziyalılar və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Konfrans Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb və “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” sənədli filminin nümayişi ilə davam etdirilib.
Konfransda Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev, Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov və digər natiqlər mövzu ilə əlaqədar çıxışlar ediblər.
Öz çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin tarixindəki müstəsna xidmətlərindən bəhs edən Astara Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə Azərbaycan dilinin əhəmiyyətinin artıdığını, milli dövlətçilik düşüncəsinin, təhsilin, mədəniyyətin, xalq təsərrüfatının inkişafı ilə bağlı böyük işlər görüldüyü vurğulamışdır. O, 1993-cü ilin iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan xalqının tarixində dönüş nöqtəsinin yarandığını, dahi rəhbərin gəlişinin Azərbaycana müstəqillik, suverenlik, dövlətçilik, milli-mənəvi dəyərlərə qayıdış bəxş etdiyini, ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaratdığını, təhsilin, mədəniyyətin yüksəlişinin təmin edildiyini bildirmişdir. Natiq İbadov, həmçinin, qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev hər zaman ağsaqqallara böyük diqqət və qayğı göstərmiş, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmışdır.
Konfransda çıxış edən digər natiqlər bildirmişlər ki, vahid Azərbaycan xalqının, sarsılmaz dövlətin öz liderinə bağlılığının formalaşmasının Ümummilli Liderin müəllifi olduğu ideologiya – “Azərbaycançlıq”la başlamış və hər məqamda bu məfkurənin Azərbaycan xalqında və dövlətində təcəssümünün nəticəsi kimi bügünkü çiçəklənən Azərbaycan, vahid Azərbaycan xalqının formalaşmasına nail olunmuşdur.
Konfransda Ümummilli Lider Heydər Əliyevlə görüşmüş ziyalıların xatirələri böyük maraqla dinlənilmiş, Ulu Öndərin Azərbaycan dövləti və xalqı üçün misilsiz xidmətlərindən danışılmışdır.
Sonda konfrans iştirakçıları ilə xatirə şəkli çəkilmişdir.