Mart ayının 23-də Kürdəmir Rayon Ağsaqqallar Şurasının sədri, vətənpərvər ziyalı, müdrik ağsaqqal Ayyət Nəsirovun 75 yaşı tamam olur.
Səmimiyyəti, təvazökarlığı, dürüstlüyü və nikbinliyi ilə çoxları üçün örnək sayıla bilən Ayyət Nəsirov gənc yaşlarından sadə zəhmətdən başlayan uzunmüddətli səmərəli fəaliyyəti və işgüzarlığı ilə seçilərək cəmiyyət arasında söz və nüfuz sahibi olmuşdur. Həyatı boyunca daim xalqımızın və dövlətimizin mənafeyini hər şeydən üstün tutan, mənəvi saflığa və vətəndaş böyüklüyünə sahib olan Ayyət Nəsirov səmərəli ictimai-pedaqoji fəaliyyəti, prinsipiallığı və xeyirxah əməlləri ilə ona göstərilən etimadı hər zaman layiqincə doğrultmuşdur. Pedaqoji sahədə bir sıra məsul vəzifələrdə uğurla çalışaraq, dəyərli fəaliyyəti ilə gənc nəslin inkişafına mühüm töhfələr vermiş, peşəkar pedaqoq kimi yüzlərlə şagirdin yüksək səviyyədə təhsil almasında, nümunəvi vətəndaşlar olaraq həyata vəsiqə qazanmalarında böyük xidmətlər göstərmişdir.
Ayyət Nəsirov hazırda Kürdəmir Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik və dəyərli bir ziyalı kimi öz ağsaqqallıq missiyasını fədakarlıqla yerinə yetirir, Azərbaycanımızın inkişafı naminə var qüvvəsi ilə çalışır, gənclərimizin maarifləndirilməsi, onların milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda yetişdirilməsi üçün əlindən gələni əsirgəmir.
Xalqımıza və dövlətimizə dəyərli xidmətlər göstərən alicənab şəxsiyyət, müdrik ağsaqqal, gözəl insan Ayyət Nəsirovu 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının
İdarə Heyətinin üzvləri adından
Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV