Azərbaycan Ağsaqqallar Şurası Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı ilə birgə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda regional konfrans keçirib.
Əvvəlcə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Ramil Orucov və ağsaqqallar ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Regional konfransda, həmçinin, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini Niyaməddin Qasımov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, o cümlədən Şəmkir, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl, Daşkəsən və Gədəbəy rayonları üzrə Ağsaqqallar Şurasının rəhbərləri və İdarə Heyətinin üzvləri, YAP-ın yerli təşkilatlarının, gənclər və idman idarələrinin nümayəndələri, o cümlədən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon sədrləri, gənclər və media nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları YAP Gəncə şəhər təşkilatının binasında Xəzər Təhsil Mərkəzi tərəfindən təşkil edilən Gəncə şəhərinin qocaman və gənc rəssamlarının ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən əsərlərinə baxış keçiriblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan regional konfransda ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyulunu dövlətimizin tarixində xüsusi bir gün kimi dəyərləndirərək bildirib ki, dahi şəxsiyyət sözün həqiqi mənasında xalqımızın həyatında möhtəşəm dəyişikliyə nail olub, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görüb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir. “Ulu Öndər həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb”- deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, regionun kuratoru Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından salamlayaraq qeyd edib ki, bu gün biz bura ulu öndər Heydər Əliyevin nuruna, işığına yığışmışıq. O, Ümummilli Liderin hakimiyyətə gəldiyi dövrü ölkəmizi tərəqqiyə aparan yolun başlanğıcı kimi xarakterizə edərək, həm sovet dönəmində, həm də müstəqillik illərində sosial-iqtisadi həyatın bütün sahələrinin inkişafında, milli maraqlarımızın təmin olunmasında, eləcə də milli kadrların yetişdirilməsində dahi şəxsiyyətin misilsiz xidmətlərindən, uzaqgörən və düşünülmüş siyasətindən danışıb. Bayram müəllim qeyd edib ki, türk dünyasının böyük oğlu Heydər Əliyev öz xidmətləri ilə hər bir azərbaycanlıya Vətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadan xidmət etmək fəlsəfəsini aşılayıb, respublikamızı 1969-1982-ci illərdə inkişaf etmiş qabaqcıl aqrar-sənaye ölkəsinə çevirərək bugünkü müstəqilliyimizin təməlini qoyub. Daha sonra o, Ulu Öndərin layiqli davamçısı, müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən, işğaldan azad edilmiş əzəli və əbədi torpaqlarımızda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərindən, Böyük Qayıdışın tezliklə həyata keçirilməsindən bəhs edib. Azərbaycanın yeni tarixini yaradan dövlət başçısı cənab İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurlu sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsindəki əvəzedilməz rolundan danışıb.
Regional konfransda gənclərlə və ağsaqqallarla yanaşı yerli veteranlar təşkilatının sədrlərinin də iştirak etdiyini qeyd edən Bayram Yusifov bu tədbiri iyulun 8-də Azərbaycan Ağsaqqallar Şurasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə birgə keçirdiyi “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu”nun davamı kimi də səciyyələndirib. O vurğulayıb ki, həmin Forumun keçirilməsində əsas məqsəd olan ağsaqqalların və veteranların təmsil olunduğu təşkilatların aktivliyini artırmaq, onlar arasında əməkdaşlığı gücləndirmək, milli maraqlarımızın qorunması və təbliğində gənc nəslin ağsaqqal və veteranların təcrübəsindən, dünyagörüşündən faydalanmasına stimul vermək, dövlət maraqlarımızın müdafiəsində cəmiyyətdəki birlik və bərabərliyin daha da güclənməsinə nail olmaq bugünkü tədbirin də başlıca hədəflərindən biridir. Natiq hazırda cəmiyyətdə baş verən proseslərdə, aktual məsələlərin və problemlərin həllində, o cümlədən gənclərin mənəvi və fiziki cəhətdən sağlam yetişmələri üçün onların maarifləndirlməsində ağsaqqal və veteranlara böyük ehtiyacın olduğunu bildirib. Bayram Yusifov xüsusi olaraq vurğulayıb ki, bu gün hamımız üçün dəyərli və bir o qədər həssas təbəqə olan qazilərlə və şəhid ailələri ilə işi daha səmərəli qurmalı, onlara daha çox diqqət ayırmalı, mənəvi dəstək olmalı, bir sözlə bu sahədə dövlətimizin apardığı siyasətə layiqli töhfə verməliyik.
Gəncə şəhər Ağsaqqallar şurasının sədri, professor Nurəddin Məmmədovun moderatorluğu ilə davam edən regional konfransda Azərbaycan Texnologiya Universitetinin dosenti, fəlsəfə doktoru Hüseyn Budaqov “Tarixi dəyişən lider Heydər Əliyev”, Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvü, hüquqşunas Muxtar Əsədov “Heydər Əliyevin kadr siyasəti və dövlət quruculuğu”, YAP Gəncə Şəhər 126 saylı ərazi partiya təşkilatının sədri, “Şans Tibb Mərkəzi”nin baş həkimi Nofəl Qasımov “Azərbaycanda səhiyyə xidmətinin yüksəldilməsi tədbirləri” mövzusunda məruzələrlə çıxış ediblər. Həmçinin Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov, Tovuz Rayon Ağsaqqallar Şurasının sədr müavini Bəhram Pənahov, Göygöl Rayon Veteranlar Təşkilatının sədri Azadxan Haqverdiyev, Samux Rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov, Qazax RİH yanında İctimai Şuranın sədri Zakir Nəsibov, Gəncə şəhərinin ictimai fəal gənclərindən Natəvan Məmmədova və başqaları öz çıxışlarında ulu öndər Heydər Əliyevin siyasi müdrikliyinin və uzaqgörənliyinin bəhrələrindən, Ümummilli Liderin əsasını qoyduğu hərtərəfli inkişaf konsepsiyasını uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət müstəvisində davam etdirilməsindən bəhs ediblər. Çıxışçılar, həmçinin, tədbirdə müzakirə edilən bir sıra məsələlərin, xüsusilə də şəhid ailələri və qazilərlə bağlı problemlərin həllində yaxından iştirak etmələrinin vacibliyini vurğulayıblar.
Konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonra Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini Niyaməddin Qasımova ictimai asayişin və vətəndaşların hüquqlarının qorunmasındakı səmərəli fəaliyyətinə görə Fəxri fərman, rəsm sərgisində fəal iştirak etdikləri üçün nümayiş edilən əsərlərin müəlliflərinə isə sertifikatlar təqdim olunub.
Tədbir çərçivəsində konfrans iştirakçıları Gəncədə Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsinə inşa edilən abidəni də ziyarət edərək önünə gül dəstələri qoyublar, xatirələrini ehtiramla yad ediblər.
Regional konfransdan sonra tədbir münasibətilə təşkil olunmuş yemək süfrəsi ətrafında söhbətlər davam etdirilib.
Azərbaycan Ağsaqqallar Şurası Gəncədə regional konfrans keçirib
- 14-07-2022
- [10:13]
- [ ]
14
İyl