Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurası “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirib.

Mayın 2-də Azərbaycan Ağsaqqallar Şurası, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabana gələrək müasir, müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Pakistan və Gürcüstandan olan görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, eləcə də Türk Dövlətləri Təşkilatının (TDT) nümayəndələrinin, qurumun Ağsaqqallar Şurasının üzvlərinin, o cümlədən respublikamızın tanınmış alimlərinin, ağsaqqalların və ziyalıların iştirakı ilə keçirilən beynəlxalq elmi konfransın plenar iclası Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolunu və Türk dünyasının müasir əlaqələrini özündə əks etdirən videoçarx nümayiş olunub.
Konfransın təşkilat komitəsinin sədri, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, Milli Məclisin hesablayıcı komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev giriş nitqi ilə çıxış edib. Bütün tədbir iştirakçılarını salamladıqdan sonra Eldar Quliyev öz çıxışında Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Vurğulayıb ki, anadan olmasının 100 illik yubileyini qeyd etdiyimiz böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə türk dünyasını, ümumilikdə isə dünyanı əhatə edib. Təsadüfi deyildir ki, Ulu Öndər Heydər Əliyev bütün dünyanın etiraf etdiyi görkəmli liderdir. Ulu Öndər Heydər Əliyevin türk dünyası ilə bağlı gördüyü işlərdən, irəli sürdüyü dəyərli ideyalardan, fikirlərdən söz açan natiq qeyd edib ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş bu qardaşlıq münasibətləri hazırda özünün ən yüksək mərhələsindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həm dövlət, həm də bir çox qurumlar, o cümlədən Türk Dövlətləri Təşkilatları səviyyəsində böyük işlər həyata keçirilir.
Tədbirdə, həmçinin Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerjan Mukaş, Özbəkistanın Ali Məclisinin senatoru, respublika veteranlarının ictimai fəaliyyətinin dəstəklənməsi üzrə “Nuraniy” Fondunun İdarə Heyətinin sədri Sodiqjon Turdiyev, Qazaxıstanın Senatorlar Şurasının üzvü, TDT Ağsaqqallar Şurasının üzvü İkram Adırbek, Qırğız Respublikasının Qəhrəmanı, parlamentin sabiq spikeri, TDT Ağsaqqallar Şurasının üzvü Medetxan Şerimkulov, Şimali Kipr Türk Respublikasının tanınmış ictimai-siyasi xadimi, TDT Ağsaqqallar Şurasının üzvü Tansel Fikri, Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, Türkiyənin tanınmış yazıçısı, publisist İmbat Muğlu və digərləri çıxış ediblər.
Çıxışlarda görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın və Türk dünyasının çoxəsrlik dövlətçilik tarixinin nadir simalarından biri olduğu, Ulu Öndərin yaşadığı dövrün real mahiyyətini dərindən görərək özünün aydın siyasi mövqeyi, möhkəm iradəsi və uzaqgörənliyi ilə zamanı irəli aparmaq qüdrətinə malik olduğu vurğulanıb.
Konfransda Azərbaycanın Türk dünyası ilə əlaqələrinin qurulmasında, münasibətlərin dərinləşməsində, habelə ölkəmizdəki tolerantlıq mühiti və azərbaycançılıq ideologiyasının inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusi qeyd edilib.
Plenar iclasdan sonra konfrans işini bölmələr üzrə davam etdirib.
Sonda bölmə rəhbərlərinin hesabatları təşkilat komitəsi tərəfindən qəbul olunub, irəli sürülən təklif və tövsiyələr nəzərə alınmaqla məruzələr, məqalələr və tezislərin toplu şəklində çap edilməsi qərara alınıb.
Konfransda, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – professor Eldar İbrahimov, professor Elmira Süleymanova, Bayram Yusifov, professor Vahid Novruzov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, professor İbrahim Quliyev, Akif Rəfiyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, ali məktəblərin professor-müəllim heyəti, alimlər, ağsaqqallar, gənclər, habelə qonaq qismində Türk dövlətlərinin Azərbaycandakı səfirləri, Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Muzaffer Şeker, Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının prezidenti, professor Ahmet Nuri Yurdusev, Özbəkistan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti, akademik Sirojiddin Mirzayev, Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli və başqaları iştirak ediblər.
Axşam tədbirdə iştirak edən qonaqların şərəfinə ziyafət verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.