Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurası və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Beynəlxalq Ahıllar Günü münasibətilə təbriki

1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə ölkəmizin bütün ahıl vətəndaşlarını, o cümlədən ahıl yaşda olan ağsaqqallarımızı və müharibə, əmək, silahlı qüvvələr veteranlarını səmimi-qəlbdən təbrik edir, onlara uzun ömür, möhkəm cansağlığı, xoş günlər, xalqımızın tərəqqisi naminə gərəkli və şərəfli ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayırıq!
Hər il oktyabrın 1-i bütün dünyada olduğu kimi Azərbaycanda da Beynəlxalq Ahıllar Günü olaraq qeyd edilir. Azərbaycanın xilası naminə xalqımızın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründən başlayaraq ölkəmizdə Beynəlxalq Ahıllar Günü ilə bağlı bir çox tədbirlər, sosial proqramlar və layihələr yüksək səviyyədə həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin uğurlu sosial-iqtisadi siyasət kursunun başlıca istiqamətlərindən biri də ahılların dövlət qayğısı ilə tam əhatə olunması, onların maddi və mənəvi tələbatlarının ödənilməsi idi. Ümumbəşəri humanizm dəyərlərini özündə əks etdirən bu siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də hərtərəfli və layiqli şəkildə davam etdirir.
Əhalinin həssas təbəqəsinə aid olan bu insanlar arasında çoxlu sayda ağsaqqallar, habelə müharibə, əmək və silahlı qüvvələr veteranları da mövcuddur ki, onlar da dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğma övlad qayğısı səviyyəsində diqqət və nəvazişini hiss edirlər. Belə ki, bütün ahıllar kimi onlara da müxtəlif növ xidmətlərin göstərilməsi, maddi-məişət şəraitlərinin daha da yaxşılaşdırılması, o cümlədən cəmiyyətə inteqrasiyaları sahəsində mütəmadi olaraq effektiv işlər görülür. Pensiya və müavinətləri müntəzəm şəkildə artırılır, onların yubileyləri qeyd edilir, ali mükafatlarla layiq görülürlər, müharibə iştirakçıları minik avtomobilləri ilə təmin olunurlar və başqa bu kimi bir çox lazımlı tədbirlər həyata keçirilir. Bir sözlə, bu gün ölkəmizin ahılları hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar və bu qayğı ildən-ilə daha da artır.
Hər zaman öz üzvlərini, xüsusilə də ahıl üzvlərini və bütün ahıl vətəndaşlarımızı diqqətdə saxlayan, onlara böyük qayğı, həmçinin maddi və mənəvi dəstək göstərən Azərbaycan Ağsaqqallar Şurası və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz bir daha bu əlamətdar tarix – 1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə Azərbaycanın bütün ahıl insanlarını ürəkdən təbrik edir, onlara daha uzun və sağlam ömür, xoşbəxtlik, gələcək fəaliyyətlərində yüksək nailiyyətlər və uğurlar diləyirik!

Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının sədri,
Milli Məclisinin deputatı, professor
Eldar Quliyev
Azərbaycan Respublikası Müharibə, Əmək və
Silahlı Qüvvələr Veteranları Təşkilatının
sədri, müharibə və əmək veteranı
Fatma Səttarova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.