Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasında tədbir keçirilib

Azərbaycan Ağsaqqallar Şurasında “8 Noyabr – Zəfər Günü”nə həsr edilmiş tədbirlərin keçirilməsi davam edir. Oktyabrın 28-də Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin iştirakı ilə keçirilən toplantıda sədrin birinci müavini, deputat Əhliman Əmiraslanov, müavinlər – Elmira Süleymanova, Bayram Yusifov, Vahid Novruzov, İdarə Heyətinin üzvü İbrahim Quliyev, həmçinin ölkəmizin cənub bölgəsini təmsil edən Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri Eldar Hüseynov, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf  Niftiyev, Lerik  Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Astara Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri Əli Babayev, Neftçala Rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayev, Cəlilabad  Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, o cümlədən Şuranın Aparat rəhbəri Ramin Həsənli və Böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev iştirak ediblər.

İclasda Vətən uğrunda canlarından keçən şəhidlərimizin və Yardımlı Rayon Ağsaqqallar Şurasının mərhum sədri Məzlum Mənsimovun xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Eldar Quliyev qarşıdan çoxdan gözlədiyimiz möhtəşəm bir bayramın – Zəfər Bayramının gəldiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu Qələbənin qazanılmasında xalqımızın 3000-ə yaxın igid oğlunu şəhid verdiyini söyləyən natiq Zəfər Bayramı ərəfəsində bütün şəhər və kəndlərimizdə şəhidlərimizin anım günlərinin, ildönümü mərasimlərinin və digər tədbirlərin keçirildiyini və bu tədbirlərdə Şuranın yerli təşkilatlarının yaxından iştirak etdiyini qeyd edib. Eldar Quliyev işğaldan azad olunmuş torpaqlarda böyük vüsətlə bərpa-quruculuq işlərinin getdiyini vurğulayaraq, ayın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla birgə Zəngəzur Dəhlizinin təməlini qoyduğu möhtəşəm tarixi hadisəyə şahidlik etdiyimizi bildirib. O, həmçinin, belə bir məsuliyyətli zamanda ağsaqqalların öz fəaliyyətlərini daha da aktivləşdirməli olduğunu, xüsusilə son zamanlar artan ailə-məişət zorakılıqlarının, boşanmaların, əsasən qızların məktəbə davamiyyət problemlərinin, narkotik aludəçiliyinin və digər zərərli vərdişlərin qaşısının alınması üçün gənclərlə mütəmadi, effektiv işlərin aparılmasının vacibliyini vurğulayıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova iş bölgüsü əsasında nəzarət etdiyi və bütün tədbirlərində yaxından iştirak etdiyi cənub bölgəsinin təşkilat sədrlərini salamlayaraq 44 günlük Vətən müharibəsində bütün xalqımızın, xüsusilə əsgər analarının böyük iradə nümayiş etdirdiyini qeyd edib. O bildirib ki, bu gün biz də həmin əsgər-qazilərimizdən, şəhid ailələrindən diqqətimizi əsirgəməməliyik, onlara daim hərtərəfli dəstək olmalıyıq. Elmira xanım Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun şücaəti ilə 30 illik yurd həsrətimizə son qoyulduğunu, yüzminlərlə məcburi köçkünlərimizin qəribçilikdən qurtulduğunu və öz doğma torpaqlarına qayıdaclarını vurğulayıb. Qeyd edib ki, hal-hazırda böyük qayıdış ərəfəsindəyik, işğaldan azad edilmiş torpaqlarımızda geniş məskunlaşma prosesi həyata keçiriləcəkdir və biz də öz növbəmizdə məcburi  köçkünlərlə müəyyən işlər aparmalıyıq. Azərbaycan Ağsaqqallar Şurasının cənub bölgəsini əhatə edən rayon təşkilatlarının fəaliyyətindən də ətraflı bəhs edən Elmira Süleymanova tədbirdə iştirak edən həmin bölgənin sədrlərinə öz tövsiyə və məsləhətlərini verib.

Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının müavini, professor Vahid Novruzov, cənub bölgəsindən olan ictimai-siyasi xadim, İdarə Heyətinin üzvü İbrahim Quliyev və rayon sədrləri qarşıdan gələn böyük Zəfər Bayramından, bu tarixin daşıdığı misilsiz əhəmiyyətdən bəhs ediblər. Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının və rəşadətli Ordumuzun Qələbəsi bütün dünyaya bir daha sübut etdi ki, biz öz doğma torpaqlarımızdan bir qarış belə heç kimə verən deyilik və qazandığımız bu Zəfər haqqın, ədalətin Zəfəridir. Azərbaycanda gənc nəslin təlim-tərbiyəsinə hər zaman xüsusi diqqətin ayrılmasının zəruriliyindən danışan natiqlər bu barədə ağsaqqalların da üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıblar. Rayon sədrləri də, öz növbələrində, bölgələrdə Anım Günü, Zəfər Bayramı ilə əlaqədar bir sıra tədbirlər keçirdiklərini, qaziləri, şəhid ailələrini, həmçinin xəstə və yaşlı insanları ziyarət etdiklərini, həmçinin gənclərlə görüşlər keçirdiklərini, onlardan öz məsləhət və tövsiyələrini əsirgəmədiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Xüsusi olaraq qeyd ediblər ki, pandemiya səbəbindən işlərində müəyyən çətinliklər olsa da, gələcəkdə fəaliyyətlərini daha da artırmaq əzmindədirlər.

Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev bütün tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək onları qarşıdan gələn Zəfər Bayramı münasibətilə təbrik edib və vurğulayıb ki, bu bayramı bir neçə ictimai-siyasi xadimlə birlikdə Azərbaycandan kənarda, xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak edərək qeyd edəcəklər və bütün dünyaya fəxrlə göstərəcəklər, bir daha sübut edəcəklər ki, “Qarabağ Azərbaycandır!”. Sonda Eldar Quliyev tədbirdə iştirak edən cənub bölgəsinin rayon sədrlərinə yeni vəsiqələrini təqdim edərək, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.