Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının 28 May – Müstəqillik Günü münasibətilə təbriki

Dəyərli həmvətənlər!

Sizi dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olan 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, xalqımızın və dövlətimizin əbədi müstəqilliyi, tərəqqisi və əmin-amanlığı naminə gördüyünüz bütün işlərdə Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayırıq!
106 il bundan öncə ilk dəfə olaraq müsəlman aləmində demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması əlamətdar tarixi hadisə idi. Şərqin ilk, azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, bu az müddət ərzində çox böyük işlərə imza atılmışdır. Hazırda bütün suveren respublikamızda Zəfər müjdəçisi olaraq qürurla dalğalanan Dövlət bayrağımız, Azərbaycan vətəndaşlığımız təsis edilmişdir, Milli Ordumuz yaradılmış və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir. Milli ali təhsilimizin simvolu sayılan Bakı Dövlət Universiteti yaradılmışdır. 200-dən çox qanun qəbul edilmişdir ki, qadınlara səsvermə hüququ verən qanun onların arasında xüsusi yer tutur. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, qadınlara seçib-seçilmək hüququ verən, qadın-kişi bərabərliyini təmin edən ilk müsəlman ölkəsi kimi də tarixə düşmüşdür.
Təəssüf ki, iyirmi üç aydan sonra Xalq Cümhuriyyətimiz süqut etdi və illər sonra üçrəngli bayrağımızı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırdı. Sovet İttifaqının hələ mövcud olduğu dövrdə Ümummilli Liderimizin bu cəsarətli addımı bir daha onu göstərdi ki, Heydər Əliyev öz xalqını, dövlətini nə qədər çox sevir və böyük önəm verir. Xalqımızın təkidli çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycan problemlər girdabından, xaosdan, məhv olmaq təhlükəsindən xilas olaraq, sabitlik, əmin-amanlıq və inkişaf mərhələsinə qədəm qoydu və əbədi müstəqilliyimiz tarixə Ümummilli Liderimizin adı ilə yazıldı.
Bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müstəqilliyimizin qorunmasını və möhkəmləndirilməsini uğurla həyata keçirir. Müstəqillik dövründə qazandığımız ən möhtəşəm Zəfərin müəllifi, qalib xalqın qalib Lideri, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatları nəticəsində Qarabağımız işğaldan azad edildi, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olundu. Hazırda Dövlət Başçısının yüksək diplomatiyası sayəsində həyata keçirilən uğurlu delimitasiya və demarkasiya prosesi nəticəsində kəndlərimiz geri qaytarılır. İşğaldan azad edilmiş bütün ərazilərimizdə genişmiqyaslı yenidənqurma, quruculuq işləri gedir, infrastruktur bərpa olunur. “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərimiz əzəli-əbədi Azərbaycan torpaqlarına qayıdırlar. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünya səviyyəli dövlət başçılarının Azərbaycana olan mütəmadi işgüzar və səmərəli səfərləri, ən mötəbər beynəlxalq tədbirlərdən biri olan COP29-un bir neçə ay sonra Bakıda keçirilməsi Azərbaycanın dünya ölkələri arasında böyük nüfuza sahib olduğunu bir daha sübut edir. Cənab İlham Əliyev XXI əsrin ən güclü liderlərindən biri olaraq Azərbaycanı siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli, dünya səviyyəsində söz sahibi olan dövlətə çevirir. Bütün bunlar bir daha onu göstərir ki, müstəqilliyimiz etibarlı əllərdədir.
Əziz həmvətənlər!
28 May – Müstəqillik Günü münasibətilə bir daha Sizi ürəkdən təbrik edir və hər birinizə ən səmimi arzularımızı çatdırırıq!
Yaşasın qüdrətli və müstəqil Azərbaycan!

 

Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor                                                                         Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.