Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunda iştirak edib

Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli mart ayının 18-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə Bakıda keçirilən “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunda iştirak edib.

Forumda “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri”, “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı panel müzakirələri keçirilib, həmçinin Türkiyə, İraq, Suriyadan olan nüfuzlu türkman QHT-ləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub, təkliflər dinlənib. Tədbirdə çıxış edən natiqlər vurğulayıblar ki, Bakıda təşkil olunan, İraq, Suriya, Türkiyə, həmçinin Azərbaycan türklərini, türk dünyasını bir araya gətirən bu forum Prezident cənab İlham Əliyevin fəaliyyətinin nəticəsi, Türk dünyasının həmrəylinin göstəricisidir.

Forum çərçivəsində İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi beş gündür ki, Azərbaycandadır. Heyət işğaldan azad edilmiş ərazilərə – Xocalı, Xankəndi, Şuşa və Füzuliyə səfər edib. Dahi Azərbaycan şairi və mütəfəkkiri, İraq daxil olmaqla, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərmiş görkəmli sənətkar, çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvət olan, anadilli poeziyamızın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmiş Məhəmməd Füzulinin şeirləri onun şərəfinə adlandırılan, 2020-ci ildə işğaldan azad edilmiş Füzuli şəhərində türkmanların dili ilə səsləndirilib.

Türkmanlar Qarabağda yolboyu Kərkük şərqiləri də ifa ediblər.

Bu gün türkman təşkilatları ilaxır çərşənbəni Bakıda keçirəcək, Novruz şənliklərinə qatılacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.