Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Veteranlar Təşkilatının 35 illik yubiley tədbirində iştirak edib

Oktyabrın 13-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında təşkilatın yaranmasının 35 illiyi ilə bağlı yubiley tədbiri keçirilib. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun məsul əməkdaşı Samir Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, veteranlar, ictimai-siyasi xadimlər, media nümayəndələri, dövlət və QHT təmsilçiləri, o cümlədən Müdafiə Nazirliyinin əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açılıb. Daha sonra respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova tədbir iştiakçılarını salamlayıb, təşkilata göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov təşkilatın tarixindən, keçdiyi yoldan, 44 günlük Vətən müharibəsi və post-müharibə dövründəki fəaliyyətindən danışıb. Polkovnik qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman dövlətin yanında olub, milli maraqlarımızın qorunması istiqamətində səylə çalışıb. O, veteranların bundan sonra da dövlətçiliyin keşiyində ayıq-sayıq dayanacağını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətini qətiyyətlə müdafiə etməkdə davam edəcəklərini bilidirib.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun məsul əməkdaşı Samir Məmmədov öz çıxışında veteranların gənclərlə bağlı bir çox əhəmiyyətli işlər həyata keçirdiklərini, öz həyat yolları, qəhrəmanlıqları, əmək fəaliyyətləri ilə onlara örnək olduqlarını bildirib.
Yubiley tədbirində çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev başda olmaqla qurumun İdarə Heyətinin və bütün üzvlərinin adından Respublika Veteranlar Təşkilatının rəhbərliyini, veteranları yubliey münasibətilə ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti hər zaman dəstəkləyən ağsaqqallarımızla yanaşı, veteranlarımız da müstəqilliyimizin qorunmasında və möhkəmlənməsində, ölkəmizin inkişafında əsl vətənpərvərlik nümunəsi göstərirlər, öz fədakar fəaliyyətləri ilə gənc nəsillərə örnək olurlar. Şanlı Ordumuzun əsgər və zabitlərinin döyüş və mənəvi ruhunun yüksəldilməsində, xalqımızın qəhrəmanlıq ənənələrinin gənclərə çatdırılmasında böyük işlər görürlər. O, həmçinin, Azərbaycan Ağsaqqallar Şurası ilə Azərbaycan Respublikası Veteranları Təşkilatı arasında imzalanan birgə fəaliyyət barədə Əməkdaşlıq Müqaviləsindən bəhs edib. Vurğulayıb ki, artıq hazırlanmış Tədbirlər Planı üzrə şəhər və rayonlarımızda hər iki qurumun yerli təşkilatlarının təşəbbüsləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli əmin olduğunu bildirib ki, Vətənimiz üçün əhəmiyyətli və aktual məsələlərin həll olunması ilə bağlı birgə faydalı əməkdaşlığımız bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.
Daha sonra çıxış edən Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani və digər natiqlər çıxışlarında veteranlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini vurğulayıblar, eyni zamanda veteranların gənclər arasında apardığı vətənpərvərlik tərbiyəsinin önəmindən danışıblar. Cəmiyyətdə veteranların xüsusi çəkiyə malik olduğunu bildirərək, Azərbaycan xalqının hər zaman veteranlara hörmət və ehtiramla yanaşdığını, veteranların isə öz növbəsində gənc nəslin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynadığını söyləyiblər.
Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik fəaliyyətindən bəhs edilən videorolik nümayiş etdirilib, hərbi-vətənpərvərlik mahnıları səsləndirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətində, vətənpərvərlik tərbiyəsinin təbliğində aktiv iştirak edən şəxslər Müdafiə Nazirliyi və təşkilat tərəfindən təltif olunublar.
Tədbirin sonunda veteranlar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanan müraciət səsləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.