Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin iclası keçirilib

May ayının 2-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, müavinlər – millət vəkili Ağalar Vəliyev, professor Vahid Novruzov, İdarə Heyətinin üzvləri – millət vəkili, akademik İsa Həbibbəyli, millət vəkili, akademik Ziyad Səmədzadə, millət vəkili, professor Aqiyə Naxçıvanlı, akademik Abel Məhərrəmov, akademik Arif Həşimov, professor Misir Mərdanov, o cümlədən Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov və başqaları iştirak ediblər.
Tədbirdə dünyasını dəyişən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanovanın və ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Eldar Quliyev iclas iştirakçılarını salamlayaraq ölkəmizin son dövrlərdə qazandığı növbəti uğurlardan söz açıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin milli maraqlara söykənən qətiyyətli siyasəti nəticəsində Qazaxın 4 kəndinin azad edilməsi xəbəri hər birimiz tərəfindən sevinc və qürur hissi ilə qarşılanıb. Həmçinin Ölkə başçısının Almaniya və Rusiya dövlətlərinin rəhbərləri ilə işgüzar və səmərəli görüşləri, Azərbaycanın qlobal və böyük əhəmiyyətə malik bir tədbirə – COP 29 beynəlxalq konfransına yüksək səviyyədə ev sahibliyi etməyə hazırlaşması və digər bir sıra önəmli məsələlər ölkəmizin davamlı tərəqqisindən xəbər verir. Eldar Quliyev qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurası iyun ayında COP29-a həsr olunmuş beynəlxalq tədbir keçirməyi planlaşdırır. “Xalqımız xoşbəxtdir ki, onun cənab İlham Əliyev kimi güclü, təcrübəli, dünyada böyük nüfuza və hörmətə malik görkəmli dövlət xadimi, Prezidenti var və o bu gün Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir”- deyə natiq vurğulayıb.
Eldar Quliyev dünyasını dəyişən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovanın ölkəmizin ilk Ombutsmanı kimi dəyərli fəaliyyətindən və Şuradakı böyük xidmətlərindən bəhs edərək bildirib ki, o, dövlətimiz tərəfindən dəfələrlə yüksək mükafatlarla – “Şöhrət”, “Şərəf” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. Elmira xanımın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev təşkilatın 2024-cü il üçün Fəaliyyət Planı üzrə görülən işlərdən də ətraflı bəhs edib. Vurğulayıb ki, hazırda Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarında hesabat konfransları keçirilir. Yerli təşkilatların fəaliyyət hesabatları dinlənilir, çatışmazlıqların aradan qaldırılması ilə bağlı məsələlər müzakirə edilir, qarşıda duran vəzifələr, yeni hədəflər müəyyənləşdirilir. “Biz əminik ki, sıralarında tanınmış ictimai-siyasi və elm xadimlərini, mədəniyyət və incəsənət nümayəndələrini, görkəmli ziyalıları, nüfuzlu ağsaqqalları birləşdirən, 35 min üzvü, 77 şəhər və rayonda yerli təşkilatları olan Azərbaycan Ağsaqqallar Şurası bundan sonra da üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəkdir. Ölkəmizin, o cümlədən bölgələrin mədəni-ictimai həyatında mühüm rol oynayan, hər zaman Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, tarixi irsini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini xalqımız arasında təbliğ edən ağsaqqallarımız gələcəkdə də Vətənimizin inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə öz dəyərli töhfələrini verəcəklər, yeniyetmə və gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi və maariflənməsi işini, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğini geniş şəkildə həyata keçirəcəklər” – deyə Eldar Quliyev bildirib.
Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov və digər natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin 2003-cü ildən sürətli inkişaf dövrü yaşadığını vurğulayıblar. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsini Azərbaycanın tərəqqi strategiyasının məntiqi davamı olduğunu bildiriblər. Həmçinin Azərbaycan Ağsaqqallar Şurasının müsbət fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının yeni sədr müavininin təyin olunması ilə bağlı məsələ də müzakirə olunub. Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, akademik, öz səmərəli elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti ilə ölkəmizin inkişafına dəyərli töhfələr verən Abel Məhərrəmovun bu vəzifəyə layiqli namizəd olduğunu qeyd edib və vurğulayıb ki, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsinin 6.12-ci bəndini rəhbər tutaraq onun bu vəzifəyə təyin olunmağı barədə əmr imzalayıb.
İclasda iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Abel Məhərrəmovun tanınmış alim, vətənpərvər ictimai-siyasi xadim, dəyərli ziyalı  olaraq öz səmərəli fəaliyyəti ilə xalqımıza böyük xidmətlər göstərdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu və qətiyyətli siyasətini hər zaman dəstəkləyərək ölkəmizdə elm və təhsilin inkişafında əhəmiyyətli rol oynadığını qeyd ediblər. Tədbir iştirakçıları Şuranın fəaliyyətində yaxından iştirak edən Abel müəllimin bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə əminliklərini ifadə edərək, onu Azərbaycan Ağsaqqallar Şurasının yeni sədr müavini təyin olunmağı münasibətilə təbrik ediblər və uğurlar diləyiblər.
Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev Abel Məhərrəmova sədr müavini vəsiqəsini təqdim edərək, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Akademik Abel Məhərrəmov göstərilən yüksək etimada görə Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevə və İdarə Heyətinin üzvlərinə öz minnətdarlığını bildirib, Şuranın fəaliyyətinin daha da inkişaf etdirilməsi naminə əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
Sonda xatirə şəkli çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.