BMT-nin Əhali Fondunun (UNFPA) maliyyə dəstəyi və təşkilatçılığı, Yeni Klinikanın və “Impact Agency”-nin dəstəyi ilə ölkəmizdə cari ilin iyul ayından etibarən “Azərbaycanda yaşlılar üçün sosial müdafiə xidmətlərinin təkmilləşdirilməsi” layihəsi həyata keçirilir.
Bu günlərdə layihə çərçivəsində təcrübəli və yaşlı mütəxəssislərin bilik və bacarıqlarının gənc nəslə ötürülməsi, onların maarifləndirilməsi, həmçinin fəal yaşlanmanın təbliğ edilməsi məqsədilə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas, III dərəcəli Dövlət ədliyyə müşaviri, Ədliyyə general-mayoru, hüquq üzrə ekspert Akif Rəfiyev tərəfindən seminar keçirilib.
Seminarda Akif Rəfiyev hüququn əsas prinsipləri, hüquqi məsuliyyətlər və s. mövzularda öz təcrübəsini gənclərlə bölüşüb. Həmçinin vurğulayıb ki, Azərbaycanda təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğu gənclər siyasəti çox uğurla aparılır. Son illər ərzində respublikamızda çox savadlı, vətənpərvər gənclər yetişiblər və onlar ölkəmizin həyatında mühüm rol oynayırlar. Akif Rəfiyev 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında qəhrəman gənclərimizin canı-qanı bahasına qazanılan böyük Zəfərdən, onların göstərdikləri misilsiz igidliklərdən də bəhs edib. Daha sonra o, öz nitqində müasir Azərbaycan gənclərinin əsas arzusunun ali təhsil almaq, yüksək bilik və təcrübə qazanmaq, habelə müxtəlif sənətlərə, peşələrə yiyələnmək, sonra isə savadlı kadrlar, peşəkar mütəxəssislər kimi dövlətimizə və xalqımıza xidmət göstərmək olduğunu bildirib. Son dövrlərdə dövlət qurumlarında gəncləşmə prosesi müşahidə olunur ki, bu da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir. O, həmçinin, əlavə edib ki, gənclərimizin savadlı, bilikli olmaları ilə yanaşı, həm də dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam təməllər əsasında tərbiyəsi işində, habelə vətənpərvər kadrlar kimi yetişməsində ağsaqqallara, yaşlı və təcrübəli insanlara hər zaman böyük ehtiyac vardır.
Sentyabr ayının sonuna qədər davam edəcək “Azərbaycanda yaşlılar üçün sosial müdafiə xidmətlərinin təkmilləşdirilməsi” layihəsi yaşlı insanların sağlam, fəal və inteqrasiya olunmuş həyat tərzinə dəstək vermək məqsədini daşıyır. Layihə müddətində təşkil ediləcək müxtəlif fəaliyyətlər vasitəsilə yaşlı insanların sosial təminat və səhiyyə xidmətlərinə çıxışı, texnologiyadan istifadə və cəmiyyətdə iştirak kimi mövzularda ehtiyaclarını qarşılamaları üçün yardımçı mühitin yaradılması nəzərdə tutulub.
Qeyd olunan fəaliyyətlər “Azərbaycan üçün neftdənkənar, dayanıqlı, inteqrə olunmuş və gender baxımından inklüziv maliyyə çərçivəsi” layihəsi çərçivəsində icra olunur.