Şəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son dövrdəki fəaliyyətləri ilə bağlı növbəti hesabat konfransları Kürdəmir və Zərdab rayonlarında təşkil olunub.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və təşkilatın məsul işçisi Elşad Quliyev, habelə rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kürdəmir və Zərdab rayonlarında keçirilən konfranslarda tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Konfranslarda topaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan qəhrəman əsgər və zabitlərimizin, həmçinin hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və tədbir iştirakçılarını salamlayan hər iki rayonun rəhbərliyi Ümummilli Liderimiz Heydər Əliyevin ağsaqqallara göstərdiyi yüksək qayğıdan, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmasından söz açıb. Bildiriblər ki, hazırda bu diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirilir. Ağsaqqalların Kürdəmir və Zərdab rayonlarındakı xidmətlərindən ətraflı bəhs edən natiqlər vurğulayıblar ki, ağsaqqal məsləhətinə, ağsaqqal sözünə, öyüd-nəsihətinə hər birimizin, xüsusilə də gənclərimizin böyük ehtiyacı vardır. Rayon rəhbərləri ağsaqqalların bundan sonra da ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edəcəklərinə əmin olduqlarını bildirərək, konfransın işinə uğurlar arzulayıblar.
Sonra Kürdəmir Rayon Ağsaqqallar Şurasının sədri Ayyət Nəsirov və Zərdab Rayon Ağsaqqallar Şurasının sədri Rasim Hüseynov görülən işlərlə bağlı hesabat məruzələri ilə çıxış edərək, yerli təşkilatların fəaliyyətləri barədə ətraflı məlumat veriblər. Vurğulayıblar ki, cəmiyyətimiz və dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilən ağsaqqallarımız hesabat dövrü ərzində aktual mövzularda keçirilmiş bir çox tədbirlərdə iştirak və çıxışlar ediblər, şəhid ailələrinin üzvləri və qazilərlə görüşlər keçiriblər, onlara mənəvi dəstək olublar, gənclərimizlə maarifləndirici söhbətlər aparıblar. Həmçinin Ağsaqqallar Şurasının üzvləri “Heydər Əliyev İli” çərçivəsində rayonlarda keçirilən bütün tədbirlərdə yaxından iştirak edərək, Ümummilli Liderimizin zəngin irsinin təbliğ edilməsini davam etdiriblər. Fəaliyyətləri boyunca xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə öz töhfələrini verən ağsaqqallar cari ilin fevral ayında keçirilən növbədənkənar prezident seçkilərində də fəallıq nümayiş etdirərək cənab İlham Əliyevi hərtərəfli dəstəkləyiblər. Natiqlər bildiriblər ki, hər iki rayonun ağsaqqalları bundan sonra öz fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəklər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdırıb və hər bir kəsi qarşıdan gələn Qurban bayramı və Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafında, müstəqil ölkəmizin dünya birliyində layiqli yerini tutmasında misilsiz xidmətlərindən bəhs edən natiq hazırda bu tərəqqi strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, onu rəhbərliyi ilə qazandığımız yüksək nailiyyətlərdən söz açıb. Vurğulayıb ki, 30 ilə yaxın erməni işğalı altında olan tarixi torpaqlarımız Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzın, qəhrəman övladlarımızın sayəsində azad edildi. Bu gün həmin ərazilərimizdə böyük inkişaf prosesi, genişmiqyaslı quruculuq, məskunlaşma, “Böyük Qayıdış” həyata keçirilir, Qarabağımız canlanır.
Sonra Vahid Novruzov 2020-ci ildə millət vəkil, professor Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının sədri seçildikdən sonra təşkilatın illik İş planları əsasında bir çox sahələrdə gördüyü əhəmiyyətli işlər barədə ətraflı məlumat verib və Şuranın son üçillik fəaliyyətinin əks olunduğu kitabı təqdim edib. Xüsusi olaraq vurğulayıb ki, ölkəmizin ictimai-siyasi həyatında hər zaman yaxından iştirak edən ağsaqqallarımız cari ilin fevral ayında keçirilən növbədənkənar prezident seçkilərində də üzərilərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetiriblər. Azərbaycan Ağsaqqallar Şurasının onminlərlə üzvü təbliğat-təşviqat kampaniyasında və səsvermə prosesində fəal iştirak edərək xalqımızın mütləq əksəriyyəti kimi cənab İlham Əliyevə olan yüksək etimadlarını nümayiş etdiriblər. Sonda Vahid Novruzov hər iki rayon təşkilatının hesabatını qənaətbəxş hesab edərək, ağsaqqalların hər birinə möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfranslarda çıxış edən digər natiqlər də rayon ağsaqqallarının fəaliyyətindən danışıblar. Bildiriblər ki, ölkəmizin hər yerində olduğu kimi Kürdəmir və Zərdab rayonlarında da Azərbaycanın inkişafı naminə həyata keçirilən bütün işlərdə və tədbirlərdə ağsaqqallar yaxından iştirak edir, sakinlərin, xüsusilə də gənc nəslin maarifləndirilməsinə böyük əhəmiyyət verirlər. Əmin olduqlarını bildiriblər ki, ağsaqqallar bundan sonra da rayonların ictimai-mədəni həyatında fəallıq nümayiş etdirəcəklər.














