Şəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son dövrdəki fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir.
Növbəti konfranslar iyul ayının 2-də və 3-də Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında təşkil olunub.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın cənub regionu üzrə kuratoru, akademik Abel Məhərrəmov, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.
Konfranslarda torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanovanın və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən rayon İcra hakimiyyətlərinin başçıları Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmovu və tədbir iştirakçılarını salamlayaraq Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşən ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan, dəyərli xidmətlərindən bəhs ediblər. Vurğulayıblar ki, Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına sadiq olan ağsaqqallarımız dövlətçiliyin qorunmasında, gənclərin maarifləndirilməsində, vətənpərvərlik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsində müstəsna xidmətlərə malikdirlər. Biz möhtəşəm Qələbəmizlə başa çatan Vətən müharibəsində və bu ilin 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində bir daha bunun şahidi olduq. Natiqlər əmin olduqlarını bildiriblər ki, ağsaqqallarımız gələcəkdə də ölkəmizin, o cümlədən də rayonlarımızın ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatında müxtəlif məsələlərin həllinə öz dəyərli töhfələrini verəcəklər.
Sonra Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri Eldar Hüseynovun, Astara Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadovun, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərovun və Yardımlı Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Əməşovun hesabat dövrü ərzində təşkilatların gördüyü işlər və qarşıda duran vəzifələr barəsində məruzələri dinlənilib. Bildirilib ki, Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları tərəfindən müntəzəm şəkildə gənc nəslin maarifləndirilməsinə, tarixi və əlamətdar günlərə və digər bir çox aktual məsələlərə həsr olunmuş tədbirlər, şəhid ailələri və qazilərlə, o cümlədən ali və orta məktəblərdə tələbə və şagirlərlə görüşlər keçirilir. Habelə İcra hakimiyyətləri, o cümlədən YAP-ın, Veteranlar Təşkilatının, Qərbi Azərbaycan İcmasının yerli təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri çərçivəsində bir sıra işlər həyata keçirilir. Natiqlər, həmçinin, vurğulayıblar ki, daim Ümummilli Liderimizin zəngin irsini cəmiyyət arasında təbliğ edən rayon Ağsaqqallar Şuraları bu fəaliyyətlərini “Heydər Əliyev İli”ndə daha aktiv şəkildə davam etdiriblər. Hər zaman dövlət başçısı cənab İlham Əliyevi dəstəkləyən, müxtəlif sahələrdə Vətənimizin inkişafına əhəmiyyətli töhfələr verən ağsaqqallar ölkəmizin gələcək tərəqqisi naminə aparılan uğurlu siyasətin davam etdirilməsi üçün 7 fevral növbədənkənar prezident seçkilərində də yüksək fəallıq göstəriblər. Çıxışlarının sonunda rayon sədrləri bildiriblər ki, üzərlərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəklər.
Konfranslarda ağsaqqallar, ziyalılar, şəhid valideynləri və digər natiqlər də çıxış edərək rayon Ağsaqqallar Şuraları üzvlərinin, müdrik ağsaqqallarımızın bu ahıl vaxtlarında böyük əzmkarlıqla həyata keçirdikləri işlərdən, onların hərtərəfli fəaliyyətlərindən bəhs ediblər. Həmçinin ölkəmizin hər bir bölgəsində ağsaqqallara ayrılan diqqət və qayğıya, o cümlədən şəhər və rayonlarımızda belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə görə öz minnətdarlıqlarını ifadə ediblər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın cənub regionu üzrə kuratoru, akademik Abel Məhərrəmov öz çıxışlarında Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və vurğulayıb ki, Vətənimizin dilbər guşəsi sayılan cənub bölgəsində olmaqdan və bu rayonların müdrik insanları, ağsaqqalları, ziyalıları ilə görüşməkdən böyük fəxarət hissi duyuram. Azərbaycanın cənub rayonlarında ziyalılıq, elm həmişə inkişaf edib. Bu bölgənin tanınmış şəxsiyyətlərinin Azərbaycan dövlətçiliyinin, elm və təhsilinin formalaşmasında böyük xidmətləri olub. Öz çıxışında ağsaqqal sözünün xüsusi məna kəsb etdiyini vurğulayan Abel Məhərrəmov bildirib ki, ağsaqqal adı böyük addır, çoxfunksiyalıdır. Ağsaqqal – bütün parametrlər üzrə mükəmməl, ağıllı, nüfuzlu, hörmətli, dünyagörüşlü, xeyirxah, təəssübkeş olmalı və bir çox digər keyfiyyətləri özündə birləşdirməlidir. Ağsaqqalı böyük və kölgəli bir ağaca bənzətmək olar.
Natiq, həmçinin, rayonların hesabatlarını, gördükləri işləri, əsasən də Ağsaqqallar Şuraları ilə İcra hakimiyyətlərinin, YAP-ın yerli təşkilatlarının və digər qurumların sıx əməkdaşlığını, bir çox məsələlərdə birgə fəaliyyətlərini yüksək dəyərləndirib və bunu Xalq-İqtidar birliyi modelinin şəhər və rayonlardakı gözəl nümunəsi kimi qiymətləndirb. Abel müəllim cəmiyyətimizdə mövcud olan neqativ hallara – boşanmaların sayının ciddi şəkildə artmasına, erkən nikahların fəsadlarına, narkomaniya bəlasının getdikcə daha çox yayılmasına da toxunaraq qeyd edib ki, ağsaqqallar bu sahədə daha fəal olmalı maarifləndirmə işlərini artırmalı, milli ideologiyanı inkişaf etdirməli, gənclərimizə vətənpərvərlik, türkçülük, azərbaycançılıq ruhunu aşılamalı, mütərəqqi adət və ənənələrimizi qorumalı və gələcək nəslə ötürməlidirlər.
Abel Məhərrəmov Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün misilsiz ximətlərindən də ətraflı bəhs edərək vurğulayıb ki, xoşbəxt o xalqdır ki, onu əsl ümummilli lideri var. Hər lider bu statusa, bu səviyyəyə layiq olmur. Biz xoşbəxt xalqlar siyahısındayıq, çünki Heydər Əliyev kimi Ümummilli Liderimiz və onun işıqlı yolunu uğurla davam etdirən möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev var. “Vaxtilə Ulu Öndər Heydər dövrünün yetirmələri olan biz hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövrünün ağsaqqallarıyıq” – deyə Abel Məhərrəmov qeyd edib. Hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirən və hər bir ağsaqqala möhkəm cansağlığı, uğurlar arzulayan natiq əmin olduğunu bildirib ki, qarşıdan gələn dövr ərzində yerli təşkilatlar öz fəaliyyətlərini daha səmərəli və effektiv şəkildə quracaqlar.
Konfransların sonunda xatirə şəkilləri çəkdirilib.