Hörmətli həmvətənlər!
Sizi xalqımızın milli-azadlıq hərəkatının əsasının qoyulduğu tarix kimi qəbul edilən əlamətdar 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, əmin-amanlıq, firavanlıq və uğurlar arzulayırıq!
Müstəqillik uğrunda xalqımız bir çox çətinliklərlə qarşılaşsa da, Ulu Öndər Heydər Əliyevin Azərbaycana qayıdışı ilə ölkəmizin ictimai-siyasi həyatında yeni dövr başladı. Onun sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının yenidən dövlət bayrağı kimi qəbul edilməsiylə bağlı məsələ qaldırıldı, Naxçıvanın adından “sovet”, “sosialist” sözləri çıxarıldı və müstəqilliyimizin qazanılması, möhkəmləndirilməsi yolunda bir çox əhəmiyyətli tarixi addımlar atıldı. Bütün bunlar müstəqilliyimiz uğrunda aparılan mübarizənin əsas tərkib hissəsi oldu.
Bu gün digər bayramlar kimi, Milli Dirşəliş Günü də Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun azad etdiyi Qarabağımızda böyük fəxarətlə qeyd olunur. Artıq işğaldan azad edilən, üçrəngli bayrağımızın dalğalandığı bütün torpaqlarımızda böyük quruculuq işləri gedir, həyat dirçəlir, məcburi köçkünlərimiz doğma yurd-yuvalarına qayıdırlar.
Əziz həmvətənlər!
Bir daha Sizi milli həmrəyliymizin, demokratiyanın, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizənin təntənəsi olan Milli Dirçəliş Günü münasibətilə ürəkdən təbrik edir, qəhrəman və qalib Azərbaycan xalqına əbədi sülh, həmrəylik və tükənməz nailiyyətlər diləyirik! Allah Vətənimizi və xalqımızı qorusun!
Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar Quliyev