Hörmətli həmvətənlər!
Sizi dövlətçilik tariximizin şanlı səhifəsi – Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və davamlı nailiyyətlər arzulayırıq!
Ulu Öndər Heydər Əliyevin xalqımızın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıdışı, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun tarixi Azərbaycan dövlətçiliyinin xilas və qurtuluş günüdür. Xilaskarlıq missiyasını öz üzərinə götürərək Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən qurtaran Ulu Öndər Heydər Əliyev ölkədə siyasi sabitlik yaradaraq respublikamızın müstəqilliyini qoruyub saxlamağa və onu dinamik inkişaf yoluna çıxarmağa nail oldu. Azərbaycanın gələcək zəfərlərinin təməli qoyuldu.
Ümummilli Liderimizin ən layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu tərəqqi və zəfər yolunu hazırda uğurla davam etdirir. Bütün dünya azərbaycanlılarının ən böyük arzusunu həyata keçirən, Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuz işğal altındakı doğma torpaqlarımızı azad etdi, bizə 30 ildən çox həsrətində olduğumuz Qələbə sevincini yaşatdı. Bu gün geniş və sürətli quruculuq və inkişaf prosesi gedən, gündən-günə canlanan və gözəlləşən Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa, Laçın, Ağdam, Füzuli və Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək diplomatik bacarığı, uzaqgörən siyasəti nəticəsində son dövrdə Böyük Zəfərin davamı olaraq Qazaxın 4 kəndinin qaytarılması, ölkəmizin möhtəşəm bir tədbirə – COP29-a evsahibliyi etməsi, davamlı sabitlik, dayanıqlı iqtisadi tərəqqi, güclü ordu, artan beynəlxalq nüfuzumuz və digər nailiyyətlərimiz bir daha göstərir ki, Azərbaycan dinamik inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən qüdrətli dövlətə çevrilir.
Əziz həmvətənlər!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla bir daha Sizi – xalqımızın hər bir nümayəndəsini, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvlərini müasir dövlətimizin qürur salnaməsi olan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Vətənimizə və vətəndaşlarımıza əmin-amanlıq, rifah, əbədi sülh, tərəqqi və uğurlar diləyirik!
Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından
Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev