Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, müavinlər – professor Elmira Süleymanova, Bayram Yusifov, professor Vahid Novruzov, İdarə Heyətinin üzvləri – millət vəkili, akademik Ziyad Səmədzadə, millət vəkili, professor Aqiyə Naxçıvanlı, İbrahim Quliyev, Akif Rəfiyev, həmçinin Şuranın Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, təşkilatın digər rəsmi şəxsləri Zahid Abbasov, Rafiq Rzayev, Vüqar Əmiraslanov, Elşad Quliyev və o cümlədən Bakı şəhərinin rayonlarının Ağsaqqallar Şuralarının sədrləri iştirak ediblər.
İclasda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev ağsaqqalları müstəqilliyimizin bərpa edilməsinin 31-ci ildönümü münasibətilə təbrik edərək bildirib ki, 18 oktyabr – Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqı üçün böyük əhəmiyyətə malik bir bayramdır. Ötən əsrin sonunda Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etmək imkanı qazandığını qeyd edən natiq bu əlamətdar günün yaranma tarixindən, xalqın müstəqillik uğrunda şərəfli mübarizəsindən danışıb. Vurğulayıb ki, 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı Ali Sovetin 18 oktyabr tarixli sessiyasında yekdilliklə qəbul edilib və o vaxtdan etibarən Azərbaycan yenidən müstəqilliyinə qovuşub. Eldar Quliyev öz nitqində müstəqilliyimizi bərpa etdikdən sonra yenidən onu itirmək təhlükəsi ilə üzləşdiyimizdən, nankor qonşumuz Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından və zorla cəlb edildiyimiz ədalətsiz müharibə vəziyyətindən, həmçinin o dövrdə daxildə cərəyan edən siyasi çəkişmələrdən və dövlət rəhbərlərinin səriştəsizliyindən, potensial vətəndaş qarşıdurmasından bəhs edib.
1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətdən sonra müstəqilliyimizi qoruyaraq inkişaf etdirə bildiyimizi qeyd edən sədr bu uğurlu siyasətin hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük nailiyyətlərlə həyata keçirildiyini vurğulayıb. İqtisadi və siyasi sahədə qazandığımız uğurlardan, erməni işğalçıları üzərindəki möhtəşəm Zəfərdən bəhs edib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, həmçinin, bildirib ki, ağsaqqallar müstəqilliyimiz barədə, onu hansı ağır şəraitdə və hansı çətinliklərlə qazanıldığını, necə qorunduğunu gənc nəslə başa salmalı, təbliğ etməlidirlər.
Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə Müstəqilliyimizin Bərpası Günü ilə bağlı xatirlərini, fikirlərini bölüşüb. 1991-ci ilin 18 oktyabrında keçirilən həmin tarixi sessiyaya sədrlik etdiyini qeyd edən natiq o zaman Ali Sovetdəki ab-havadan, yüksək gərginlikdən və hər şeyə rəğmən bütün deputatların Azərbaycanı müstəqil görmək istəyindən bəhs edib. Müstəqillik haqqında Konstitusiya Aktının hazırlanmasında əməyi olan insanları xatırlayaraq, parlamentdə aparılan müzakirələrdə aktiv iştirk edən Xalq yazıçısı İsmayıl Şıxlıdan, Xalq şairi Bəxtiyar Vahabzadədən, uzun illər Ali Məhkəmənin sədri işləmiş Abdulla İbrahimovdan, deputat Eldar İbrahimovdan və başqalarından söz açıb. Xüsusi olaraq vurğulayıb ki, bu təkcə bir neçə deputatın, ziyalının, yaxud məmurun əməyinin bəhrəsi deyil. Müstəqillik ideyalarımızın yaranması, formalaşması xalqımıza aiddir. Bir sözlə, respublikamızın dövlət müstəqilliyi barədə Konstitusiya Aktının müəllifi Azərbaycan xalqıdır.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova öz çıxışında XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şəraitdən, Azərbaycan dövlətinin öz müstəqilliyini ikinci dəfə yenidən hansı çətinliklərlə bərpa etməsindən danışıb. O dövrdəki hərəkatı xalqın oyanışı adlandıran natiq ulu öndər Heydər Əliyevin əvəzedilməz xilaskarlıq missiyasından, müstəqilliyimizin qorunmasındakı böyük xidmətlərindən, o cümlədən dünyanın ən iri neft şirkətlərii ilə bağladığı “Əsrin müqaviləsi”nin əhəmiyyətindən bəhs edib. Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən, müstəqilliyimizin inkişafından, ciddi iqtisadi islahatlardan, mükəmməl ordu quruculuğundan söz açıb. Vurğulayıb ki, bizim ümummili lider Heydər Əliyev kimi dahi rəhbərimiz və onun layiqli davamçısı cənab İlham Əliyev kimi böyük şəxsiyyətimiz, müzəffər Ali Baş Komandanımız olduğu üçün xoşbəxt xalqıq.
Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – Akif Rəfiyev və İbrahim Quliyev, həmçinin Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Arif Hümbətov və başqaları Müstəqilliyin Bərpası Günü barədə öz fikirlərini bildirərək qeyd ediblər ki, bu gün ağsaqqalların əsas vəzifələrindən biri də Azərbaycanın dövlət müstəqilliyini, milli azadlığını qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaqdan ibarətdir.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev yekun nitqində tədbir iştirakçılarına, o cümlədən maraqlı çıxışlarına, dəyərli fikirlərinə görə natiqlərə öz təşəkkürünü bildirib və əlavə edib ki, artıq xalqımız bu bayramı fərqli şəkilə, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi məğrur qeyd edir. O, ağsaqqalları qarşıdan gələn möhtəşəm Qələbə günü, Zəfər bayramı münasibətilə də təbrik edib.