Azərbaycan Ağsaqqallar Şurasında təşkilatın Nəzarət-Təftiş Komissiyasının sədri Zakir Nazıyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə yubilyarla yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, sədr müavinləri Bayram Yusifov və akademik Abel Məhərrəmov, İdarə Heyətinin üzvləri professor Şəmsəddin Hacıyev və professor İbrahim Quliyev, habelə Nəzarət-Təftiş Komissiyasının üzvləri Saleh Abdullayev, Mayıl Əliyev və Vaqif Məhərrəmov, o cümlədən təşkilatın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov və Şuranın digər məsul şəxsləri iştirak ediblər.
Eldar Quliyev tədbir iştirakçılarını salamlayaraq Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri, bu günlərdə 75 yaşı tamam olan Zakir Nazıyevin zəngin işgüzar tərcümeyi-halından, insani keyfiyyətlərindən söz açıb. Onun Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında və Azərbaycan Kooperasiya Universitetində uzunmüddətli səmərəli fəaliyyətini xüsusi vurğulayıb. Azərbaycan Ağsaqqallar Şurasının işinə verdiyi töhfələri yüksək dəyərləndirib. Zakir müəllimə göstərilən etimadı hər zaman layiqincə doğrultduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Eldar Quliyev yubilyarın həm də gözəl ailə başçısı, qayğıkeş valideyn və nəvazişli baba olduğunu da qeyd edərək, onu 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edib, uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətində davamlı uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov Eldar müəllimin ətrafındakı bütün insanlara, o cümlədən ağsaqqallara və işçi heyətinə göstərdiyi yüksək diqqət və qayğıya görə təşəkkürünü bilirib və bunu örnək davranış adlandırıb. O da öz növbəsində Zakir Nazıyevin fəaliyyətini yüksək qiymətləndirərək, yubilyara daim sağlam və mənalı həyat, bol nailiyyətlər diləyib.
Sonra Eldar Quliyev Zakir Nazıyevin “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilməsi barədə əmrin mətnini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri Zakir Nazıyev ölkəmizin ictimai-mədəni həyatında və Şuranın işində səmərəli fəaliyyəti ilə xalqımıza, Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 75 illik yubileyi münasibətilə “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilib. O, “Fəxri Ağsaqqal” döş nişanını və hədiyyələri yubilyara təqdim edib, bir daha ona öz təbriklərini çatdırıb.
Digər tədbir iştirakçıları da təbriklərə qoşularaq Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri Zakir Naziyevi 75 illik yubileyi və “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunmağı münasibətilə səmimi-qəlbdən təbrik ediblər, ən xoş və səmimi arzularını çatdırıblar.
Zakir Naziyev təbriklərə və “Fəxri Ağsaqqal” döş nişanına layiq görüldüyünə görə başda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev olmaqla bütün tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirib. Bundan sonra da fəaliyyətini böyük məsuliyyətlə yüksək səviyyədə davam etdirəcəyini vurğulayıb.
Sonda xatirə şəkli çəkdirilib.