Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının növbəti xeyirxahlıq missiyası

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə Şura nəcib və xeyirxah əməllərini davam etdirir. İslam və Türk dünyasının ən əziz bayramlarından biri olan müqəddəs Qurban bayramı münasibətilə bu günlərdə təşkilat tərəfindən Sabunçu rayonunun Maştağa, Bilgəh, Nardaran və Zabrat qəsəbələrində şəhidlərin ailə üzvlərinə, qazilərə və aztəminatlı ailələrə qurban paylarının çatdırılmasına başlanılıb.
Bu qəsəbələrdə yaşayan ailələrə baş çəkərək qurban paylarını təqdim edən Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, mətbuat katibi Rafiq Rzayev və qurumun digər məsul şəxsləri Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından onları Qurban bayramı münasibətilə təbrik edərək, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıblar. Qeyd ediblər ki, mütəmadi olaraq həyata keçirilən bu nəcib ənənə – şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə qayğı bundan sonra da davam etdiriləcəkdir.
Göstərilən bu diqqəti böyük məmnunluqla qarşılayaraq öz təşəkkürlərini bildirən sakinlər dövlət tərəfindən hər zaman xüsusi qayğı ilə əhatə olunduqlarını vurğulayaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qurban bayramı günlərində – iyun ayının 28-də və 29-da həyata keçiriləcək bu aksiyada 6 tona yaxın ət ümumilikdə 2500-dən çox ailə üçün nəzərdə tutulub ki, onlardan 130-u şəhid və qazi ailəsidir.
Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurası tərəfindən davamlı olaraq müxtəlif bayramlarda şəhidlərin ailə üzvlərinə, qazilərə və aztəminatlı ailələrə yardım payları, sovqatlar təqdim olunur. Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə həyata keçirilən bu xeyirxah əməllər ölkəmizdə şəhid ailələri, müharibə əlilləri, qazilər və aztəminatlı ailələrin sosial müdafiəsinin, rifah halının daha da yüksəldilməsi üçün aparılan çoxşaxəli və uğurlu dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.