Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Novruz bayramı münasibətilə təbriki

Azərbaycan Ağsaqqallar Şurası Novruz bayramı münasibətilə xalqımızı təbrik edib. Təbrikdə deyilir:

Əziz həmvətənlər!
Azərbaycan xalqının, eləcə də bütün müsəlman-türk dünyasının ən əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, hər birinizə xoşbəxtlik, firavanlıq, bol ruzi-bərəkət və işlərinizdə uğurlar arzulayırıq!
Təbiətə bağlılıqdan, sevgidən yaranmış və milli təqvimimizə bahar, gözəllik, yaşıllıq, təravət, yeni arzular bayramı kimi daxil olmuş Novruz ən əziz bayramlardan biri kimi tarix boyu xalqımızın yaşantılarının, həyatının, məişətinin ayrılmaz hissəsi olmuş, onun əsrarəngiz yaz fəslinin carçısı kimi gəlişi hamıya xoş ovqat bəxş etmişdir. Bu bayram onilliklər boyu qadağan olunsa da, xalqımız onu yaşatmış, ali, müqəddəs arzularının çiçəklənəcəyinə, yenidən sevinc və xoşbəxtlik rəmzinə çevriləcəyinə inanmışdır.
Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi xalqını ürəkdən sevən Ümummilli Liderimiz Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıdışından sonra mümkün olmuşdur. Məhz Ulu Öndərimiz Heydər Əliyev öz xalqının milli-mənəvi dəyərlərini, eləcə də ümumbəşəri mədəniyyətin nailiyyətlərini dərindən bilən, onları qoruyub hifz edən, yaşadan bir lider və dövlət qurucusu kimi Azərbaycanda demokratiyanın, insan haqlarının, eləcə də din və vicdan azadlığının əsasını qoymuşdur. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlət səviyyəsində milli-mənəvi dəyərlərimizə xalqın varlığının təcəssümü kimi böyük diqqət və qayğı göstərilir. Çox sevindirici haldır ki, artıq Novruz bayramı işğaldan azad edilmiş əzəli-əbədi torpaqlarımızda da boyük coşğu ilə qeyd edilir. Vətənimizin ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş qəhrəman övladlarımızın xatirəsini bu əziz günlərdə bir daha ehtiramla yad edirik və əminik ki, Azərbaycanın qazandığı zəfərlər, nailiyyətlər şəhidlərimizin ruhunu şad edir.
Bir daha sizi bu gözəl bayram münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar təravətli xoş əhval-ruhiyyə, cansağlığı, əmin-amanlıq və ailə səadəti arzulayırıq!

 

Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.