Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin şəhər və rayonlarında tədbirlərini davam etdirir. İyun ayının 5-də Şuranın Qax və Oğuz rayon təşkilatlarının hesabat-seçki konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Azərbaycan Ağsaqqallar Şurasının məsul şəxsi Elşad Quliyev, ağsaqqallar, ziyalılar, gənclər, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
Konfranslarda torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Qax və Oğuz Rayon İcra hakimiyyətlərinin başçıları bildiriblər ki, ağsaqqallar Azərbaycanın ictimai-siyasi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynayıblar və ölkəmizdə “ağsaqqal” sözü həmişə böyük məna kəsb edib. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf prosesində ağsaqqalların fəaliyyəti daim yüksək qiymətləndirilib. Habelə vurğulanıb ki, şəhər və rayonlarımızın sosial-iqtisadi tərəqqisində də ağsaqqalların böyük əməyi vardır.
Sonra Qax Rayon Ağsaqqallar Şurasının sədr müavini Nizami Abdullayevin və Oğuz Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Oqtay İbrahimovun yerli təşkilatların hesabat dövrü ərzindəki fəaliyyətləri barədə məruzələri dinlənilib. Məruzələrdə hesabat dövrü ərzində rayon Ağsaqqallar Şuralarının gördüyü işlərdən bəhs edilib. Vurğulanıb ki, yerli təşkilatlar rayonların ictimai-mədəni həyatında yaxından iştirak edərək əhali arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin təbliğ edilməsində, gənclərimizin vətənpərvərlik ruhunda maarifləndirilməsində, həmçinin şəhid ailələri və qazilərlə görüşlərin keçirilməsində, onlara mənəvi dəstəyin göstərilməsində öz səylərini əsirgəməyiblər. Natiqlər bildiriblər ki, Azərbaycanımızın daha da inkişafı və çiçəklənməsi naminə ağsaqqallar bundan sonra da əllərindən gələni edəcəklər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov öz çıxışında Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdıraraq, Qax və Oğuz ağsaqqalları ilə görüşdüyü üçün çox şad olduğunu bildirib. Natiq vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi şanlı Ordumuzun Zəfər yürüşü, düşmənin bütün torpaqlarımızdan qovulması, Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi yaşadığımız bütün bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfə olub. Hazırda Qarabağda və işğaldan azad edilmiş bütün torpaqlarımızda genişmiqyaslı quruculuq işləri gedir, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdırlar.
Sonra Vahid Novruzov Azərbaycan Ağsaqqqallar Şurasının 2023 və 2024-cü illər üzrə olan İş planları əsasında həyata keçirilən fəaliyyətdən, həmçinin “Heydər Əliyev İli” çərçivəsində təşkilatın keçirdiyi tədbirlərdən, o cümlədən ağsaqqalların növbədənkənar prezident seçkilərində aktiv iştirakından ətraflı bəhs edib. Bildirib ki, cənab İham Əliyevin seçicilərin möhtəşəm dəstəyi sayəsində 92 faizdən çox səs toplayaraq böyük üstünlüklə möhtəşəm qələbə qazanması xalqımızın dövlət başçısına olan etimad və hörmətinin gündən-günə artdığını sübut edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi barədə də danışan natiq vurğulayıb ki, bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir. Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov Qax və Oğuz rayon təşkilatlarının hesabatlarını qənaətbəxş hesab edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra təşkilati məsələlər müzakirə olunub, səsvermə keçirilib. Xəstəlikləri səbəbindən fəaliyyətlərini davam etdirə bilməyən Qax Rayon Ağsaqqallar Şurasının sədri Nadir Aşurovun yerinə Tahir İsmayılov, Oğuz Rayon Ağsaqqallar Şurasının sədri Cuma Cumayevin yerinə isə Ehtibar Yusubov seçilib. Həmçinin hər iki rayon təşkilatının İdarə Heyətlərinin və Təftiş Komissiyalarının yeni tərkibi formalaşdırılıb.
Konfranslarda yeni seçilmiş sədrlər, İdarə Heyətlərinin və Təftiş Komissiyalarının üzvləri onlara göstərilən yüksək etimada görə minnətdarlıqlarını ifadə ediblər, bu etimadı doğrultmaq üçün öz bilik və təcrübələrindən maksimum şəkildə istifadə edəcəklərini bildiriblər.
Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov və başqaları Qax və Oğuz rayonlarının Ağsaqqallar Şuralarının yeni seçilmiş heyətlərini təbrik edərək, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıblar.
Azərbaycan Ağsaqqallar Şurasının Qax və Oğuz rayon təşkilatlarının hesabat-seçki konfransları keçirilib
- 06-06-2024
- [14:14]
- []
06
İyn


















