Dəyərli həmvətənlər!
Sizi İslam aləminin və uca Türk millətinin ən əziz bayramlarından biri olan, dünya müsəlmanlarının Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmalarını, onların müqəddəs və mənəvi dəyərlərə sadiqliyini, humanizm və yardımlaşma duyğularını təcəssüm etdirən mübarək Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, doğma Azərbaycanımızın tərəqqisi və firavanlığı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların uca Allah dərgahında qəbul olunması diləyi ilə hər birinizə ən səmimi arzularımızı yetiririk!
Qurban bayramı İslam dininin mahiyyətini çox aydın ifadə edən, cəmiyyəti mənəvi duyğularla zənginləşdirən, sosial həyata birlik, həmrəylik və qardaşlıq vasitəsilə nizam verən, xalqların və insanların öz səylərini, güc və iradələrini bəşəriyyətin inkişafı üçün yüksək, ülvi məqsədlərə sərf etməyə çağıran bir bayramdır. Ölkəmizdə Qurban bayramının, ümumiyyətlə, bütün milli-mənəvi və dini dəyərlərimizin qorunması və yaşadılması üçün daim çalışan Ulu Öndər Heydər Əliyevin bu şərəfli missiyasını möhtərəm Prezidentimiz cənab İlham Əliyev hazırda uğurla davam etdirir. Müasir Azərbaycanda mütərəqqi islami dəyərlər və adət-ənənələr uca tutulur, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsi hökm sürür. Əsrlərdir ki, Allah və din yolunda mənəvi borcunu layiqincə yerinə yetirən soydaşlarımız artıq digər bayramlar kimi müqəddəs Qurban bayramını da bütün suveren Azərbaycanda, ölkəmizin hər bir guşəsində qalib xalq olaraq böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu bayram günlərində ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilərək, əsasən, kasıb ailələrə, daha çox ehtiyacı olanlara paylanılır, kimsəsiz vətəndaşlarımıza, maddi sıxıntı çəkən insanlara bayram sevinci yaşadılır, dövlətimizin, xalqımızın firavanlığı və tərəqqisi üçün dualar edilir, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Azərbaycan övladlarının xatirəsi ehtiramla yad olunur, qəhrəman qazilərimizə yüksək diqqət göstərilir.
Əziz soydaşlarımız!
Bir daha hər birinizi müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət diləyir, Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçün edilən duaların və kəsilən qurbanların qəbul olunmasını diləyirik!
Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının
İdarə Heyətinin üzvləri adından
Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV