Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının növbəti hesabat konfransları iyun ayının 7-də Qusar və Xızı rayonlarında baş tutub. Tədbirlərdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovla yanaşı Qusar Rayon İcra Hakimiyyətinin başçısının müavini Şahid Fərəməzov, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qusar və Xızı rayonlarında keçirilən konfranslarda tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Konfranslarda torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş nitqi ilə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısının müavini Şahid Fərəməzov və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Respublika Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovu və tədbir iştirakçılarını salamlayaraq Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra yeni mərhələyə qədəm qoyan Azərbaycanın davamlı inkişaf prosesindən, bir çox sahələrdə əldə olunan uğurlardan, ağsaqqallara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıblar. Qeyd ediblər ki, respublikamızın hər yerində olduğu kimi Qusar və Xızı rayonlarında da böyük nüfuza və hörmətə sahib olan ağsaqqalların sözü güclü təsir qüvvəsinə malikdir və onlar rayonların ictimai-mədəni həyatında yaxından iştirak edirlər.
Daha sonra Qusar Rayon Ağsaqqallar Şurasının sədri Vahid Mehdixanov və Xızı Rayon Ağsaqqallar Şurasının sədri Arif Nağıyev yerli təşkilatların illik hesabatlarını konfrans iştirakçılarının diqqətinə çatdıraraq, pandemiya dövründə karantin rejimi qaydalarına riayət etməklə öz fəaliyyət planları əsasında gördükləri işlərdən, rayon əhalisi, xüsusilə də şəhid ailələri və qazilərlə keçirdikləri görüşlərdən, onlara göstərdikləri maddi və mənəvi dəstəkdən, anım tədbirlərindən və digər məsələlərdən söz açıblar. Gənclərə zərərli vərdişlərdən uzaq sağlam həyat tərzinin təbliğ olunmasından da bəhs edərək, bu sahədə fəallığı artırmaqla maarifləndirmə işlərinin genişləndirilməsinin zəruriliyindən bəhs ediblər. Rayon ağsaqqalları adından onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Konfranslarda çıxış edən Tahir Süleymanov Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin səmimi salamalarını tədbir iştirakçılarına çatdırıb. Son zamanlar Şuradakı nəzərəçarpacaq canlanmadan, səmərəli fəaliyyətdən, beynəlxalq, xüsusilə də türk dövlətləri ilə əlaqələrin genişləndirilməsindən, o cümlədən Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri, Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırımla, Türkmənistanın sabiq prezidenti və Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla və digər rəsmi şəxslərlə faydalı görüşlərin keçirilməsindən, həmçinin Qurbanqulu Berdiməhəmmədovun “Fəxri Ağsaqqal” ordeni ilə təltif olunmasından bəhs edib.
Vurğulayıb ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı böyük Qələbə sayəsində hamımızın yaralı yeri olan Qarabağ problemi həll olundu, tarixə düşən 44 günlük Vətən müharibəsi, haqq mübarizəsi nəticəsində 30 illik həsrətimizə son qoyuldu. O, hal-hazırda işğaldan azad edilmiş torpaqlarımızda geniş quruculuq və abadlıq işlərinin getdiyindən, yeni tikililərin, evlərin, müəssisələrin, hava limanlarının və bir çox infrastruktur obyektlərin istifadəyə verilməsindən də söz açıb. Qeyd edib ki, bu gün təkcə Qarabağda deyil, bütün Azərbaycanda dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və nəzarəti ilə yüksək səviyyəli, müasir avadanlıqlarla təchiz edilmiş gözəl məktəblər, xəstəxanalar, idman-sağlamlıq kompleksləri və digər sosial yönümlü obyektlər tikilərək xalqın ixtiyarına verilir.
Cəmiyyətimizdə, xüsusilə də gənclər arasında bir sıra problemlərin olduğunu da təəssüf hissi ilə bildirən Tahir müəllim narkomaniyaya, dini ekstremizmə, erkən nikahlara və son zamanlarda daha da artan boşanmalara qarşı hamının bir nəfər kimi, əsasən də ağsaqqalların ciddi mübarizə, təsirli maarifləndirmə işləri aparmalı olduğunun vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. “Məndən ötdü, qardaşıma dəydi” prinsipi ilə yaşamamalıyıq, boşanmalar nəticəsində körpələrimizi gözüyaşlı qoymamalıyıq, gənclərimizin “ağ ölümün” qurbanına çevrilməsinə imkan verməməliyik” – deyə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov xalqımıza, hər bir vətəndaşa sağlam və firavan həyat arzulayıb.
Konfranslarda çıxış edən digər natiqlər də ağsaqqalların xalq arasında hər zaman nüfuzlu söz sahibi olduqlarını, ulu öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi diqqət və qayğını hazırda ölkə Prezidenti cənab İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyini xüsusi olaraq vurğulayıblar. Bildiriblər ki, respublikanın hər yerində olduğu kimi Qusar və Xızıda da Azərbaycanın tərəqqisi naminə həyata keçirilən bütün tədbirlərdə rayon ağsaqqalları yaxından iştirak edir, əhalinin, xüsusilə də gənclərin maarifləndirilməsində öz zəngin bilik və təcrübələrini əsirgəmirlər.
Azərbaycan Ağsaqqallar Şurasının Qusar və Xızı rayon təşkilatlarında illik hesabat konfransları keçirilib
- 08-06-2022
- [13:31]
- [ ]
08
İyn