Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyi Xoşbəxt Yusifzadə ilə vida mərasimində iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilib.

Vida mərasimində mərhumun ailəsi, yaxınları ilə yanaşı, Baş nazir Əli Əsədov və müavinləri, bir sıra dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyi – Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev, birinci müavin, millət vəkili, akademik Əhliman Əmiraslanov, müavin Bayram Yusifov, İdarə Heyətinin üzvləri – millət vəkili, akademik Ziyad Səmədzadə, akademik Arif Həşimov, professor Kamran İmanov, professor Misir Mərdanov və aparat rəhbəri Ramin Həsənli iştirak ediblər.

Mərasimdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və başqaları Xoşbəxt Yusifzadənin vəfatını Azərbaycan  üçün olduqca böyük itki hesab edərək, onun ölkəmizin neft sektorunun inkişafına və ümumilikdə Azərbaycan elminə verdiyi mühüm töhfələrdən söz açıblar. Vurğulayıblar ki, görkəmli neftçi-alimin əvəzsiz xidmətləri həm Ulu Öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev tərəfindən yüksək dəyərləndirilib.

Çıxışlar bitdikdən sonra akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimi başa çatıb və mərhumun cənazəsi I Fəxri Xiyabana aparılaraq orada dəfn edilib.

Allah rəhmət eləsin!

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.