May ayının 30-da Bakıda, “Alov qüllələri” kompleksində (“Fairmont Hotel Baku”) qardaş türkmən xalqının görkəmli şairi Məhtimqulu Fəraqinin 300 illiyinə həsr olunmuş tədbir keçirilib.
Türkmənistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – AMEA-nın prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli və AMEA-nın vitse-prezidenti, akademik Arif Həşimov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və təşkilatın məsul şəxsi Elşad Quliyev, millət vəkilləri, dövlət və hökumət rəsmiləri, o cümlədən digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkmənistanın Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov, akademik İsa Həbibbəyli və digər natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkmənistanın Prezidenti cənab Sərdar Berdiməhəmmədovun birgə səyləri nəticəsində ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətlərinin davamlı inkişaf etdiyini, iki qardaş dövlətin qarşılıqlı strateji tərəfdaşlığının daha da dərinləşdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Natiqlər çıxışları zamanı Türk dünyası ilə əməkdaşlığın Azərbaycan və Türkmənistanın dövlət siyasətində əsas prioritet kimi müəyyənləşdirildiyini və Türk Dövlətləri Təşkilatını vahid bir ailə kimi təsvir etdiklərini bildiriblər. Böyük türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyinin qeyd olunmasını iki qardaş ölkənin Türk dünyasının inkişafına istiqamətlənmiş ortaq xidməti kimi səciyyələndiriblər. İki xalq arasında dostluq və qardaşlıq münasibətlərindən ətraflı söz açan natiqlər bu tədbirin qarşılıqlı əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Tədbir iştirakçıları foyedə sərgilənən maraqlı rəsm əsərləri ilə də tanış olublar.
Sonra tədbir ziyafət və konsert proqramı ilə davam edib.





