Azərbaycan Ağsaqqallar Şurası Ramazan bayramı münasibətilə xalqımızı təbrik edib. Təbrikdə deyilir:
Hörmətli həmvətənlər!
Sizi dünya müsəlmanlarının ən əziz bayramlarından biri olan müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, Uca Allahdan oruc, namaz və dualarınızın qəbul olunmasını diləyirik!
İslamın bir din kimi təşəkkül tapmasını və qurtuluş yolu olaraq insanlara göndərilməsini özündə əks etdirən Ramazan ayı – müqəddəs kitabımız Qurani-Kərimin nazil edildiyi bu mübarək ay müsəlmanlara xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmanın və Tanrıya yaxınlığın sevincini yaşatmaqla insanları sülhə, həmrəyliyə və əmin-amanlığa dəvət edir.
Bu gözəl günlərdə bütün müsəlmanlar kimi xalqımız da Allaha, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, nəcib və xeyirxah əməlləri ilə orucluğun sınaqlarından alnıaçıq çıxaraq könül xoşluğu ilə bayram əhval-ruhiyyəsini bölüşürlər. Xalqımızın və dövlətimizin əmin-amanlığı və tərəqqisi üçün diləklər edilir, şəhidlərimizin ölməz ruhuna dualar oxunur.
Milli-mənəvi və dini dəyərlərimizin xalqımızın mədəni inkişafında müstəsna rol oynaması üçün hər zaman çalışan Ulu Öndər Heydər Əliyevin bu şərəfli missiyasını möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycanda mütərəqqi islami dəyərlər və adət-ənənələr uca tutulur, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsi hökm sürür. Öz milli və dini dəyərlərinə, tarixi ənənələrinə həmişə sadiq qalmış Azərbaycan xalqı da bütün dünya müsəlmanları ilə həmrəylik göstərərək müqəddəs Ramazan bayramını böyük təntənə ilə qeyd edir.
Bir daha hər birinizi Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə etdiyiniz duaların, qıldığınız namazların, tutduğunuz orucun Allah dərgahında qəbul olunmasını arzulayırıq. Qoy bu müqəddəs bayram ailələrinizə xoşbəxtlik, sevinc və xeyir-bərəkət gətirsin.
Ramazan bayramınız mübarək olsun!
Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar Quliyev