Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin şəhər və rayonlarında hesabat konfransları keçirir. May ayının 25-də Şuranın sədr müavini Tahir Süleymanovun iştirakı ilə Siyəzən və Şabran rayon təşkilatlarının konfransları keçirilib. Bu tədbirlərdə ağsaqqallarla yanaşı, rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər də iştirak ediblər.
Hər iki rayonda tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Konfranslarda torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov ona doğma və əziz olan Siyəzən və Şabran ağsaqqalları ilə növbəti dəfə görüşdüyü üçün çox şad olduğunu bildirib və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin səmimi salamlarını onlara çatdırıb. Tahir Süleymanov rayonlarda keçirilən hesabat konfranslarının həm də 28 May – Müstəqillik Gününün 104 illliyinə həsr edildiyini xatırladaraq, Azərbaycanın dövlət müstəqilliyinin tarixi barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O vurğulayıb ki, müstəqillik Azərbaycan xalqının dəyərli sərvətidir və bu müstəqilliyi qorumaq hər birimizin müqəddəs borcudur. Öz çıxışında möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qazandığı böyük Zəfərdən, düşmənin torpaqlarımızdan qovulmasından bir daha qürurla bəhs edən natiq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsinin yaşadığımız bütün bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfə olduğunu qeyd edib.
Bu gün savaş meydanında əldə etdiyimiz bu tarixi Qələbənin ardınca işğaldan azad olunmuş torpaqlarımızda böyük vüsətlə quruculuq işlərinin getdiyini, beynəlxalq səviyyəli hava limanlarının istifadəyə verildiyini, ağıllı kənd və qəsəbə layihələrinin həyata keçirildiyini vurğulayan Tahir müəllim Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində əlamətdar yerli və beynəlxalq tədbirlər keçirildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmiz yeni tərəqqi mərhələsinə qədəm qoyub və dövlət başçısı cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tükənməz səyi və incə zövqü əsasında Azərbaycan daha da gözəlləşir və inkişaf edir.
Ölkəmizdə gedən davamlı inkişaf prosesinin, canlanmanın Azərbaycan Ağsaqqallar Şurasında da özünü göstərdiyini bildirən Tahir Süleymanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin başçılığı ilə təşkilatda bir çox əhəmiyyətli işlərin həyata keçirildiyini, o cümlədən beynəlxalq əlaqələrin möhkəmləndirildiyini qeyd edib. Vurğulanıb ki, son bir il ərzində Şuranın rəhbərliyi Türkiyədə və Türkmənistanda işgüzar səfərdə olub, səfər çərçivəsində Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri, Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırımla, Türkmənistanın sabiq prezidenti və Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla və digər rəsmi şəxslərlə çox səmərəli və maraqlı görüşlər keçirilib. Həmçinin Eldar Quliyev nüfuzlu ağsaqqal və ictimai-siyasi xadim Qurbanqulu Berdiməhəmmədovun fəaliyyətini yüksək dəyərləndirərək, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin qərarı ilə onu “Fəxri Ağsaqqal” ordeni ilə təltif edib.
Konfranslarda çıxış edən Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Natəvan Mustafayeva və digər rəsmi şəxslər bildiriblər ki, rayon ağsaqqalları hər zaman olduğu kimi bu gün də ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayırlar. Azərbaycanda ağsaqqal sözünün tarix boyu böyük məna daşıdığını, xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf prosesində ağsaqqalların fəaliyyətinin danılmaz olduğunu qeyd ediblər. Həmçinin rayonların sosial-iqtisadi inkişafında da ağsaqqalların böyük əməyinin olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Azərbaycan Ağsaqqallar Şurasının Siyəzən rayon təşkilatının sədri Qəzənfər Nəcəfov və Şabran rayon təşkilatının sədri Bəhlul Abbasov son bir ildə görülən işlər barəsində hesabat verərək, Şura üzvlərinin sıralarının genişləndiyini, səmərəli tədbirlərin, görüşlərin keçirildiyini, gənclərlə mühüm işlərin aparıldığını vurğulayıblar. Qeyd olunub ki, koronovirus pandemiyası, demək olar ki, aradan qalxdığı üçün gələcək fəaliyyətlərində öz potensiallarından maksimum istifadə edəcəklər.
Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov konfranslarda iştirak edən hər bir kəsə təşəkkür edərək bildirib ki, məqsədimiz Azərbaycanda ağsaqqallıq institutunun fəaliyyətini, nüfuzunu daha da yüksəltməkdir və biz əminik ki, şəhər və rayon təşkilatlarımızda təmsil olunan tanınmış ziyalılarımızın, elm, mədəniyyət və ictimai-siyasi xadimlərimizin dəstəyi ilə bu məqsədimizə nail olacağıq.
Səfər zamanı Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov Şabran rayonundakı Heydər Əliyev Mərkəzini də ziyarət edərək oradakı maraqlı eksponatlarla, şəkillərlə, kitablarla tanış olub. Ulu öndər Heydər Əliyevlə bağlı dəyərli xatirələrini bölüşüb. Sonda isə mərkəzin xatirə kitabına öz ürək sözlərini yazıb.
Azərbaycan Ağsaqqallar Şurasının rayon təşkilatlarının hesabat konfransları keçirilib
- 26-05-2022
- [13:35]
- [ ]
26
May