Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas-şair Vüqar Əhmədin təltif edilməsi barədə əmr imzalayıb.
Əmək fəaliyyətinə 1984-1987-ci illərdə Qobustan rayonu Dərəkənd kəndində dil-ədəbiyyat müəllimi kimi başlayan Vüqar Əhməd müxtəlif illərdə “Novruz” qəzeti və “Azərbaycan dünyası” nəşriyyatlarında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar Komitəsinin sədr müavini, həmçinin 1987-2006-cı illərdə Azərbaycan Teleradiosunda bir sıra məsul vəzifələrdə çalışıb. Hazırda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Mətbuat tarixi və publisitika şöbəsinin müdiridir.
2005-2011-ci illərdə AMİ-nin professoru kimi pedaqoji fəaliyyət göstərən Vüqar Əhməd 1992-ci ildə filologiya elmləri namizədi, 2005-ci ildə isə filologiya elmləri doktoru elmi dərəcəsi alıb.
Filologiya elmləri doktoru, professor, Nyu-York EA-nın həqiqi üzvü, eləcə də Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Rusiya-Dərbənd Ədiblər Birliyinin “Muğam” assosiasiyasının üzvüdür. 4 roman və 10 şeir kitabının, yüzlərlə teleradio verilişinin müəllifidir. İki dərslik, iki tədris proqramı çap olunub. AMEA-da ədəbiyyatşünaslıq üzrə dissertasiya şurasının üzvüdür. 2021-ci ildən Özbəkistan Respublikası Mahpirat adına Orta Asiya Xalqları Tarixi İnstitutu, “Turan” Elmlər Akademiyasının akademiki və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilib, “Türk dünyasına xidmət” beynəlxalq qızıl ulduz ordeni ilə təltif olunub. 2021-ci ildə Beynəlxalq Elm və İncəsənət Akademiyasının müxbir üzvü, 2022-ci ildə Dünya Söz Akademiyasının fəxri üzvü seçilib. 2022-ci ildə “Turan”ın xalq şairi” fəxri adına layiq görülüb. 2022-ci il iyun ayında Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib.
40 kitab və 500-dən çox elmi, publisistik məqalə müəllifi olan Vüqar Əhmədin əsərləri İran, Türkiyə, Yunanıstan, Almaniya, Belçika, Meksika, ABŞ, Hindistan, İtaliya, Rusiya, Qazaxıstan, Özbəkistan, Başqırdıstan, Qırğızıstan və digər ölkələrdə çap olunub. Nəğməkar şair kimi 500-dən çox mahnının söz, eləcə də musiqi müəllifidir. 2019-da Hindistanda “Ayın şairi” seçilib. 2021-ci ildə Urmiyada keçirilən “Rezavvi” beynəlxalq şeir festivalının və ABŞ-ın Texas ştatında keçirilən beynəlxalq şeir müsabiqəsinin qalibi olub. 2022-ci ildə “Şuşanın dağları başı vüqarlı” adlı kitabı çap olunub.
Bu günlərdə 60 yaşı tamam olacaq professor, ədəbiyyatşünas-şair Vüqar Əhməd səmərəli elmi və yaradıcılıq fəaliyyəti ilə ölkəmizin ictimai-mədəni həyatında fəal iştirak edir, poeziyamızın dəyərli nümayəndəsi olaraq respublikamızda ədəbi prosesin inkişafına böyük töhfələr verir.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Azərbaycan elminin və poeziyasının inkişafında, cəmiyyətimizə, xüsusilə gənc nəslə vətənpərvərlik ruhunun və mənəvi saflığın aşılanmasında, onların təlim-tərbiyəsində xidmətlərinə görə və 60 illik yubileyi münasibətilə Vüqar Əhmədi Şuranın “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas-şair Vüqar Əhməd Azərbaycan Ağsaqqallar Şurası tərəfindən ona göstərilən bu yüksək etimada görə öz dərin minnətdarlığını bildirib və qeyd edib ki, gələcək fəaliyyətində də ölkəmizin ictimai-mədəni həyatında daha yaxından iştirak edəcək, öz bilik və bacarığını əsirgəməyəcəkdir.